1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Futbolun təbliğində Azərbaycan modeli: AFFA və klublar orta məktəbləri prioritet seçib - LAYİHƏ
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib saydığı "Uşaq futbolu: Problemləri necə aradan qaldırmalı" layihəsinin icrasına başlayır. İlk yazı AFFA və klubların futbolun təbliğinə dair həyata keçirdikləri layihələrlə tanışlıq, görülən tədbirlərin nəticələrinin üzə çıxarılması barədədir...
Futbolun digər idman növlərindən önəmli bir fərqi var – uşaqlıq illərində top qovmayanları barmaqla saymaq olar. Bəziləri bu vərdişə həyatları boyu sadiq qalır. Lakin peşəkar futbolu tutmaq seçim məsələsidir. Zamanı gəlincə hər kəs bir istiqamətə yönəlir: istəyərək və ya istəməyərək.
Böyük futbola aparan yol əksər oğlanların getmək istədiyi bir səmtdir. Çünki qazanclı və şöhrət gətirən bir peşədir. Təsadüfi deyil ki, Türkiyədə "qızını ya topçuya verərsən, ya da popçuya” formasında bir deyim var. Ancaq ailələrdə idmanın bu növünə hər nə qədər böyük maraq olsa da, övladlarını bu işə yönəldənlərin sayı elə də çox deyil.
Şöhrətə və pula aparan yolu seçməməyin əsas səbəbi tərəddüddür. Haqsız da deyillər. Çünki uşaqlıqda futbolla məşğul olanların çox az qismi peşəkar futbolçu kimi yetişməyə müvəffəq olur. Ona görə də tədbirli davranıb övladlarını təhsilə kökləyirlər: həkim, polis, müəllim, mühəndis, iqtisadçı görmək arzusu ilə. Hərçənd, burada uğur qazanmaq hamıya nəsib olmur.
Valideyn tərəddüdünə bir səbəb uşağının futbolçu kimi yetişmək üçün yetərincə istedada sahib olmaması qorxusudursa, digər amil futbol məktəblərinə, klubların nəzdində fəaliyyət göstərən akademiyaların səviyyəsinə şübhə ilə yanaşmalarıdır. Söhbət Azərbaycan klublarından gedirsə, vəziyyət daha da acınacaqlıdır.
Bax, burada əlahəzrət reklama ehtiyac duyulur. Peşəkar futbolçular, ulduz simalar yetişdirmək istəyiriksə, təbliğatı gücləndirməliyik.
AFFA və klubların fəaliyyətinə nəzər salsaq, təbliğat işlərinin əsasən məktəblərdə aparıldığın görərik. Hazırda da bu yöndə müxtəlif layihələr həyata keçirilməkdədir.
AFFA və Təhsil Nazirliyinin dəstəyi ilə reallaşan "Məktəblərdə futbol dərsi” layihəsi bu qəbildəndir. 2009-cu ildən start verilən proqrama uyğun olaraq, 25 orta məktəbdə futbol dərsləri tədris olunmaqdadır. Onlardan 16-sı Bakıda fəaliyyət göstərən təhsil ocaqlarıdır. Həmçinin Gəncədə 4, Lənkəranda 2, Şəki, İsmayıllı və Qusarda isə 1 məktəbdə futbol dərsləri keçilir.
Layihənin koordinatoru Kifayət Osmanova deyir ki, dərslər məşqçi lisenziyasına malik olan mütəxəssislər tərəfindən aparılır. Onun sözlərinə görə, proqram qızların bu idman növünə cəlb olunmasında xüsusi rol oynayır: "Layihə 5, 6 və 7-ci sinif şagirdlərinə şamil olunur. Proqrama daxil edilən bütün məktəblərə AFFA tərəfindən məşqçi lisenziyasına malik olan mütəxəssislər təyin olunub. Onların əmək haqlarını assosiasiya ödəyir. Həmin məşqçilər məktəblərdə "Bədən tərbiyəsi” fənninin əvəzinə futbol dərsləri tədris edirlər. Bu, məcburi deyil. Kimin həvəsi varsa, qatılır. Uşaqların futbol klublarına yönəlməsində bu layihənin böyük rolu var. Bilirsiniz ki, Azərbaycanda qızların idmana cəlb olunmasında çətinliklər mövcuddur. Futbol dərslərinin məktəblərdə tədrisi bu baxımdan da müsbət rol oynayır. İlk dəfə olaraq, bu il layihə əsasında Bakının 16 məktəbi arasında U-11 Qızlar Liqası təşkil etdik”.
AFFA-nın digər bir layihəsi "Elit Məşq” proqramı artıq başa çatsa da, futbolun təbliği və seleksiya işləri aparılması baxımdan önəmli işlər görülüb. Bakı, Sumqayıt, İmişli, Mingəçevir, Quba, Ağdam, Salyan, Naxçıvan, Yevlax, Tovuz, Gəncə, Zaqatala kimi rayonlarda qurulan məşq məntəqələri 10 - 14 yaşlarında uşaqları əhatə edib. Məsələn, 2012-2013-cü il mövsümündə Elit Məşq Layihəsində ümumilikdə 380 futbolçu iştirak edib. Onlardan 18 faizi milli komandalara dəvət alıb.
Klublar da məktəblərdə apardıqları təbliğat işlərinin bəhrəsini görür. "Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov deyir ki, bu yöndə reallaşdırdıqları layihələr hesabına Futbol Akademiyasına müraciət edənlərin sayında təxminən 15 faizlik artım var: "Sağlam həyat” layihəsində 3 il ərzində 2 mindən artıq uşaq iştirak edib. "Yay Futbol Düşərgəsi"nə isə təxminən 300 nəfər qatılıb. Bu təbliğat işləri sayəsində akademiyamızda futbolla məşğul olmaq istəyənlərin sayında 15 faiz artım olub. Hər iki layihədə məktəblilərlə yanaşı, valideynlər də fəal iştirak edib. Onlar klub və futbol akademiyası barəsində məlumatlandırılıblar. Çalışmışıq ki, valideynlərinin "Övladımı niyə "Sumqayıt” Futbol Akademiyasına gətirim?” suallarına ətraflı cavab verək. Həmçinin, orta məktəblər arasında "Sumqayıt Kuboku” təşkil olunub. Yarışda 32 məktəbin 62 komandası, 600-dən artıq futbolçu iştirak edib”.
2014-cü ildə fəaliyyətə başlayan "Zirə” isə hələ yolun başlanğıcındadır. Klubun mətbuat katibi Elman Himayətoğlu etiraf edir ki, bu yöndə görməli olduqları çox iş var: "Bu mövsüm Zirə qəsəbəsində iki məktəbdə olmuşuq. Məqsəd həm uşaqların futbola cəlb edilməsi, həm də komandanın ev oyunlarını tribunadan izləmələri üçün təbliğat işi aparmaq olub. Açığı, bu ildən etibarən Zirədə U-10 komandası formalaşdırmaq istəyirdik. Bununla bağlı elanlar vursaq da, 1-2 nəfər gəldi. Lakin səylərimizi artıracağıq. Klubumuzun məqsədlərindən biri də qəsəbə uşaqlarını futbola cəlb etməkdir”.
Avropanın, xüsusən də aparıcı klubların təcrübəsinə nəzər yetirsək, ən geniş yayılmış vasitənin uşaqlar üçün fan-kluba üzvlük və abunə kartlarında endirimlərin təklif olunmasını görərərik. Məsələn, Moskva, London, Madrid, Berlin kimi şəhərlərdə bir neçə klub fəaliyyət göstərdiyindən, fərqli kompaniyalar reallaşdırılır, daha çox endirimlər edilir. Lakin burada başqa bir önəmli məqam klubun imicidir. Məsələn, Moskvada əksər valideynlər övladlarını "Spartak”da görmək istəyir, orda bəyənilməyəndə "Dinamo”ya və ya "Lokomotiv”ə aparır. Yəni, uşaqların məktəb seçimində klubun brendi, əldə etdiyi nəticələr də önəmlidir.
Təəssüf ki, Azərbaycanda fan-kluba üzvlük və ya abunə kartlarını pulsuz paylasan belə, faydası olmayacaq. Çünki hazırda daxili yarışları tribunadan izləyənlərin sayı çox azdır. Ona görə də təbliğatın bu və ya digər növləri ölkəmizdə keçərli deyil.
Yəni, AFFA və klublar orta məktəbləri boşuna prioritet seçməyiblər...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir