
"Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar formada olmasalar da, bu gün bizdən daha yaxşı idilər".
Sportnet.az-ın məlumatına görə, bunu "Sabah" basketbol komandasının baş məşqçisi Rimas Kurtinaytis evdə Almaniya "Alba Berlin"inə 76:85 hesabı ilə uduzduqları FIBA Çempionlar Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.
Litvalı mütəxəssis oyunçu qıtlığından əziyyət çəkdiklərini bildirib: "Ehtiyat skamyamız geniş deyil, bu da həm gücümüzə, həm də oyunumuzun keyfiyyətinə ciddi təsir göstərir. Yenə qeyd edirəm, əsas səbəb odur ki, biz daha güclü komandaya qarşı oynadıq. Rəqiblər çox sürətli hücumlar qururlar. Çempionlar Liqası isə bizim üçün yeni bir təcrübədir".
Kurtinaytis legioner limitinin komandasına təsirindən də danışıb: "Bu, mənim yox, FİBA-nın problemidir. Avrokuboklarda 7 legioner limiti problem yaradır. Biz ötən mövsümdə də 7 legionerlə oynamışdıq, bu il də eyni vəziyyətdir. Amma yerli basketbolçular üçün limitin olması oyunumuza təsir edir — əvəzləmələr zamanı rəqiblərimizin tempi ilə ayaqlaşmaqda çətinlik çəkirik".
Baş məşqçi yerli basketbolçu yetişdirməkdə çətinlik çəkdiklərini açıqlayıb: "Biz bu layihəyə cəmi üç il əvvəl başlamışıq. Bu qədər qısa müddətdə yerli basketbolçu yetişdirmək, təbii ki, mümkün deyil. Rəqiblərimiz isə 40-50 illik tarixi olan komandalardır — onlar üçün basketbolçu yetişdirmək daha asandır".
Daha yaxşı komandaya qarşı oynadıqlarını söyləyən Kurtinaytis Çempionlar Liqasında çıxış etməklə təcrübə topladıqlarını vurğulayıb: "Rəqib daha sürətli idi, sürətli ötürmələr, keçidlər edirdilər. Çempionlar Liqası başqa yarışdır. Bu, bizim üçün ilk təcrübədir. Bu yarışda iştirak etməklə təcrübə qazanırıq. Hassani Qravett ötən mövsüm 10 dəfə tripl-dabl edib. Çox keyfiyyətli oyunçudur. Bu dəfə çatışmazlığı rəqibin daha keyfiyyətli olması ilə əlaqədar idi, alınmadı. Məhsuldar ötürmələr daha çox etdi. Potensialı olsa da, alınmadı".
O, oyundan sonra baş vermiş insidentə belə münasibət bildirib: "Səbəbini bilmirəm. Hər idman növündə olduğu kimi, basketbolda da mübahisələrin yaşanması normaldır. Rəqib qalib gəldi, ola bilsin, kimsə artıq söz dedi və ya jest etdi. Dəqiq deyə bilmərəm".