AFFA-nın baş katibi Elxan Məmmədov Azərbaycanın 23 yaşadək futbolçulardan ibarət yığma komandasının Kamerunla IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirdiyi oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, baş katib əvvəlcə matç haqda fikirlərini bölüşüb...
- Çətin oyun oldu. Digər komandaların da oyunlarına baxdım. Açığı, müqayisə etdikdə, Kamerun güclü komanda təsiri bağışladı. Xüsusən, fiziki baxımdan. Lakin bizim komanda da yaxşı mübarizə apara bildi. Deyərdim ki, ikinci hissənin ilk 20 dəqiqəsində daha yaxşı oyun nümayiş etdirdik. Rəqibin də, bizim də qol imkanlarımız var idi. Lakin bu gün qol görmədik. Amma futbol adına gözəl oyun olduğunu düşünürəm.
- Azərbaycan millisinin oyunlarına bütün biletlərin satıldığı barədə məlumat verilmişdi. Amma bu gün tribunaların yarıdan çoxu boş idi...
- Bu barədə İslamiadanın Təşkilat Komitəsinə müraciət edin. Çünki biletlərin satışına və məlumatların yayılmasına onlar cavabdehdirlər.
- "Sektor 11" azarkeş qrupunun üzvləri tribunaya buraxılmayıb. Onlara deyilib ki, barabanlarınız futbolun oynanılmasına mane olacaq. Bununla bağlı hər hansı tədbir görüləcək?
- Açığı, bunu biz də eşitdik və oyunun protokol şöbəsinə fikrimizi bildirdik. Çünki onlar məsuliyyət daşıyırlar. Yəqin ki, gələcəkdə nəzərə alarlar. Baraban futbola mane ola bilməz. Amma bu məsələ barədə də İslamiadanın Əməliyyat Komitəsinə müraciət etməyiniz yaxşı olardı. Bəlkə biletsiz gəliblər?
- Xeyr, biletləri vardı...
- Varsa, nəyə görə belə etdiklərini bilmirəm.
- Riçard Almeydanın milliləşdirmə prosesi nə yerdədir?
- Mayın 15-də FİFA-ya müraciət edəcəyik. Bundan sonra isə növbəti 4 həftə ərzində FİFA-nın Oyunçuların Statusu və Transferi Komitəsində baxılacaq və müvafiq qərar qəbul olunacaq. Ola bilər ki, 2 həftəyə də baxsınlar. Təcrübə göstərir ki, maksimum 4 həftə ərzində komitə bir araya gəlir.
- Qırğızıstan Futbol Federasiyası rəsmiləri Bakıya səfər etmişdi. Onlarla yığma komandalar səviyyəsində söhbət aparmadınız?
- Xeyr, məqsəd ayrı idi. Baza ilə tanışlıq oldu. Qırğızıstan Futbol Federasiyası hazırda Bişkekdə milli komanda üçün yeni baza tikir. Bazamıza, akademiyamıza baxmaq istədilər. Bizimlə əməkdaşlıq edən federasiya kimi gəlib baxdılar. Təbii ki, hər ikimiz oyun keçirilməsini istərdik. Gələcəkdə vakant gün olsa, nəzərdə saxlayacağıq. Qırğızıstanla səfərdə oyun keçirmişik. Bakıda da oynamalıyıq.