"Qarabağ"ın 19 yaşadək futbolçulardan ibarət komandasının sükanı arxasında vaxtından əvvəl çempionluq sevinci yaşayan Azərbaycan millisinin və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Sportnet.az-a müsahibəsi.
- Baş məşqçi kimi ilk titulunuzu qazandınız. Hansı hissləri keçirirsiniz?
- Fərqli hisslər keçirirəm. İlk dəfədir ki, baş məşqçi kimi çempionluq sevinci yaşayıram. Maraqlı oyun keçdi. "Qarabağ" da, "Qəbələ" də qələbəyə layiq idi. Sonucda sevinən tərəf biz olduq.
- Çempionluq yəqin ki, asan alınmadı...
- Çox çətin alındı. İlk turda "Zirə"yə məğlub olduq, üçüncü turda "Neftçi" ilə görüşdə xal itirdik. Çempionatın əvvəllərində 7-8-ci yerlərdə idik. Sonradan yavaş-yavaş nəticələrimizi yüksəltməyə başladıq. Uşaqlar da çox işləyir, həvəslə çalışırdılar. Yekunda şükürlər olsun ki, çempion olduq. Bu, həm özüm, həm də futbolçular üçün gələcək karyera baxımından önəmli addım idi.
- Hansı çempionluq daha şirindir: futboçu, yoxsa məşqçi kimi?
- Hərəsinin öz yeri, öz çətinlikləri var. Amma təbii ki, bu çempionluğun yeri mənim üçün başqadır.
- Rəhbərlik etdiyiniz komanda çempion olmaqla UEFA Gənclər Liqasına vəsiqə qazandı...
- Hələ bu barədə indidən danışmaq tezdir. UEFA Gənclər Liqasına 4-5 ay var. Həm də bu yarışda fərqli heyət oynamalıdır. Daha dəqiqi, biz 1998-ci il təvəllüdlü futbolçularla çempionluq qazandığımız halda, Gənclər Liqasında 1999-cu il təvəllüdlülər mübarizə aparmalıdırlar. Bu, bizə əlavə problem yaradacaq. Hələ əlavə vaxtımız var. Oturub fikirləşəcək, götür-qoy edəcəyik.
- "Qarabağ"la futbolçu kimi Çempionlar Liqası və ya Avropa Liqasının qrupuna vəsiqə qazansanız, bu turnirlərə, yoxsa UEFA Gənclər Liqasına üstünlük verəcəksiniz?
- Bu, sonranın söhbətidir. Hələ bu barədə danışmaq üçün tezdir.