"Əvvəlcədən də bilirdik ki, çox çətin oyun olacaq. "Mladost" pis komanda deyil və fiziki durumu yüksək səviyyədədir. Onlar da bizə qarşı sona qədər vuruşdular. 15-20 dəqiqə ərzində serblər bizi elə sıxmışdılar ki, həmin vaxt heç-heçəyə də razı idim".
Bunu Sportnet.az-a açıqlamasında Bakı "İnter"inin müdafiəçisi Slavik Alxasov Avropa Liqasının I təsnifat mərhələsinin "Mladost"la Serbiyada keçirdikləri oyun haqda danışarkən deyib.
Səfərdə 3 cavabsız qol vurmalarına baxmayaraq, Alxasov evdə 0:4 hesablı məğlubiyyətin baş verəcəyindən ehtiyatlandığını bildirib: "Futbolda hər cür nəticə baş verə bilər. Amma Allah göstərməsin belə bir nəticəni. Bizim üçün hələ heç nə bitməyib. Bakıdakı oyuna da ciddi hazırlaşırıq və "Mladost"a ev oyununda da qalib gəlmək istəyirik".
Alxasov Adrian Skarlatakenin cərimə zərbələrindən vurduğu qollar barədə də danışıb: "Cərimə zərbəsini yerinə yetirərkən, Skarlatake ilə birlikdə topun arxasına keçmişdim. Adrianla heç bir problemim olmadı. Sadəcə, o, mənə yaxınlaşıb "Özümə inanıram, qoy, mən vurum" dedi. Mən də cavab verdim ki, problem yoxdur. Elə alındı ki, hər iki cərimə zərbəsi zamanı Skarlatake toru silkələdi. O, hər məşqdən sonra qalır və cərimə zərbəsi üzərində işləyirdi. Elə məşqin bəhrəsini də oyunda gördü. Bu səfər qələbəsi bizə çox lazım idi".
Qeyd edək ki, "İnter"in 3:0 hesablı qələbə qazandığı görüşdə ilk 2 qolu cərimə zərbəsindən Adrian Skarlatake vurub.