"Ötən il "Qəbələ”yə 1:5 hesabı ilə uduzan "Samtredia” ilə inidki arasında ciddi fərq var. O vaxt oyunçularımız çox cavan idi”.
Sportnet.az-ın məlumatına görə, bunu Gürcüstanın "Samtredia” komandasının baş məşqçisi Georgi Tsetsadze Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ” ilə ilk matçdan əvvəl təşkil edilən mətbuat konfransında deyib.
42 yaşlı mütəxəssis bildirib ki, heyətlə bağlı problemləri yoxdur.
- Qarşıdakı matçda hansı nəticə sizi qane edəcək?
- Sabah görəcəksiniz. Yaxşı oyun olacaq. Nəticəni təxmin etmək istəmirəm.
- "Qarabağ”la "Qəbələ”ni müqayisə etsəniz, hansı komanda daha güclüdür?
- "Qarabağ” daha güclüdür, son illər çempion olur.
- "Samtredia” niyə "Qarabağ”ı öz şəhərində yox, Tbilisidə "Dinamo” stadionunda qəbul edəcək?
- "Dinamo”da oynamaq sırf mənim istəyimdir. Samtrediada rəqibi qəbul edə bilməməyimizə gəlincə, stadionumuz UEFA standartlarına cavab vermir.
- "Qarabağ”ın heyətində kimləri qeyd edərdiniz?
- Rəqib güclü komandadır. Kimisə ayrılıqda fərqləndirmək istəməzdim. "Qarabağ” kombinasiaylı futbol sərgiləyir. Yaxşı olardı ki, ümumiyyətlə oynamayaydılar (gülür).
- "Qarabağ”ın keçirdiyi bütün yoxlama matçlarında uduzmasının sizin üçün bir önəmi var?
- Xeyr. Bunlar yoxlama görüşləridir. Rəsmi oyunlar başqa cür olur.