"İnter"in baş məşqçisi Zaur Svanadze "Fola” ilə oyunqabağı mətbuat konfransında çıxış edib. Sportnet.az-ın məlumatına görə, Svanadze əsasən futbolçularının arxayınlaşmasından ehtiyat etdiyini etiraf edib:
-Oyun haqda nə düşünürsünüz?
-Biz ciddi hazırlaşırıq oyuna. Rəqibimiz Lüksemburq klubu olsa da, onları yaxşı analiz etmişik. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. Digər rəqiblərə qarşı necə hazırlaşırdıqsa, sabahki oyuna da elə hazırlaşmışıq. Zədəlilərimiz yoxdur, hamı özünü yaxşı hiss edir. Ümid edirəm ki, rahatlaşmayacağıq və sabahkı oyunda tam qüvvəmizlə oynayacağıq.
-"Fola” və "Differanj” klubları arasında hansı fərqləri görürsüz? "Fola”da daha çox diqqətçəkən məqam hansıdır?
-"Fola”nın bir neçə oyununa baxmışıq. Onlar çox hərəkət edirlər. "Fola”da cinah oyunçuları, hücumda oyunçuları və mərkəz hücumçusu yaxşıdır. Pis komanda deyil. Yaxşı oyunumuzu göstərməliyik və sübut etməliyik ki, meydan sahibi kimdir.
-Siz oyunçularınız "Mladost”u keçdikdən sonra rahatlaşacağından ehtiyat edirsiz?
-Güclü rəqibi keçəndən sonra zəif komanda ilə oynayanda hər zaman bu cür təhlükə var. Arxayınlaşmaqdan ehtiyatlanırıq. Amma oyunçularımız dərk edir ki, taleləri öz əllərindədir. Uğur qazanmaq komandanın yaşamasına müsbət təsir göstərəcək. Sabah layiqli və yaxşı oynamalıyıq.
-Deyilənə görə, klub bazanı tərk edir. "Mladost”u keçəndən sonra hər şey yaxşı olacağı halda, daha da pisləşib. Bu kollektivə necə təsir göstərir?
-Artıq üçüncü ildir ki, vəziyyət belədir. Bunlara baxmayaraq biz işimizə davam edirik. Biz artıq bu vəziyyətlərə öyrəşmişik.