"Rəqib Avropada tarixə və ənənəyə, böyük hədəflərə malik klubdur. Belə böyük komanda ilə mübarizə aparacağımız üçün şadıq".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ”nin futbolçusu Filip Ozobiç Avropa Liqasının III təsnifat mərhələsində "Panatinaikos"la Afinada keçirəcəkləri ilk oyun barədə Yunanıstan mətbuatına danışarkən deyib.
26 yaşlı yarımmüdafiəçi matçın çətin olacağını bildirib: "Rəqibin güclü azarkeş ordusu var. Onlar komandalarına tribunalarda maksimum dərəcədə dəstək verirlər. Yunanıstanda istənilən komandaya qarşı oynamaq çətindir. Azarkeş dəstəyi sayəsində "Panatinaikos” futbolçuları oyuna yaxşı motivasiya ola bilirlər”.
Bununla belə, xorvatiyalı legioner "Qəbələ"nin "pley-off"a yüksəlmə şanslarının olduğunu bildirib: "Qələbə qazanmaq üçün maksimum gücümüzü ortaya qoymalıyıq. Bu, bizim hədəfimizdir və çətin olacağını dərk edirik. Bundan öncəki rəqibimiz "Yagelloniya” da yaxşı komanda idi. Ancaq "Panatinaikos”un onlardan güclü olduğuna şübhə yoxdur. Növbəti mərhələyə keçmək üçün yaxşı şansımız var”.
Qeyd edək ki, "Panatinaikos” – "Qəbələ” görüşü iyulun 27-i Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.