Futbol üzrə Azərbaycan Kubokunun final matçı 5 ildən sonra yenidən 28 may Respublika günündə keçiriləcək. Sportnet.az-ın məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının açıqladığı 2017-2018 mövsümünün təqvimində bildirilir.
Təqvimə əsasən, mayın 20-də Premyer Liqada son tur oyunları keçiriləcək. Mövsümə isə əlamətdar gündə kubok finalı ilə yekun vurulacaq.
Sonuncu dəfə Azərbaycan Kubokunun final matçı 2012-2013 mövsümündə Tofiq Bəhramov adına Respublika stadionunda "Neftçi" ilə "Xəzər Lənkəran" arasında təşkil olunub. Həmin vaxt əsas və əlavə vaxtda qol vurulmadığı üçün qalib penaltilər seriyasında müəyyənləşib. "Neftçi" 5:3 hesablı qələbə qazanıb. Oyundan sonra iki komandanın futbolçuları və rəsmi şəxsləri arasında baş vermiş toqquşmanı daxili qoşunların köməyilə yatırtmaq olub.
Qeyd edək ki, ölkə kubokunun həlledici qarşılaşması indiyədək 11 dəfə - 1992-ci ildən 1999-2000, 2001-2002, 2004-2005, 2006-2007 mövsümlərində Respublika gününə təsadüf edib. 2001/2002 mövsümündə keçirilən Azərbaycan kuboku klublar və AFFA arasında yaranan qarşıdurmaya görə yarımçıq dayandırılıb. Bundan sonra klublar özləri alternativ kubok təşkil ediblər. Kubokun sonda qalibi "Neftçi" klubu olub. Lakin həmin mövsüm alternativ təşkil edilən kubokun nəticəsi rəsmi olaraq tanınmır.