İlk turda dostumuz Anar Şabanoğludan qəfil mesaj aldım. Biləcəridən Sumqayıta gəlib əvvəlcə "Zirə"nin "Səbail"lə görüşünə televiziyada baxmaq, sonra isə yerli komandanın "Kəpəz"lə ev oyununu izləmək istəyirdi.
Bu istəyini məmnunluqla, özünü isə Sumqayıtın dəmiryol vağzalında qarşıladım. Beləliklə, şəhərdə "CBC Sport"un göstərdiyi obyekt axtarışına çıxdıq. Birində televizor vardı, amma həmin telekanalı açmırdı. Birində telekanalı açırdı, amma obyektin rəhbərliyi Azərbaycan Premyer Liqasının oyununa baxmağa icazə vermirdi. Bəli, icazə vermirdi. Deyirdi ki, belə böyük ekranlı televizoru ona görə quraşdırmışıq ki, "derbi"lərə baxaq. Siz durub hansıda "Zirə" ilə "Səbail"in oyununa baxsanız, digər müştərilər narahat olacaqlar.
Nəhayət, birini tapdıq. Camaat öz yeyib-içməyində, deyib-gülməyində olduğu vaxt biz geniş banket zalında oturub futbola tamaşa etdik. Qurtarar-qurtarmaz da durub yollandıq yaxınlıqdakı "Kapital Bank Arena"ya...
Yolboyu insanların stadiona axışdığını görmək sevindirici idi. Artıq qaranlıq düşməyə, hava da sərinləşməyə başlayırdı. Arenaya çatarkən, tribunanı tam dolu vəziyyətdə gördük. Üstəlik, matçı ayaq üstə, hasarlar arxasından izləyənlər yetərincə idi. Amma nə yazıq ki, adını arena qoyub qarşısına da ölkənin ən tanınmış banklarından birini urcah etdikləri stadionda uzağı 2000 nəfərlk oturacaq var idi.
Tamaşaçıları isə bu duruma etiraz düşündürmür, komandanın oyunu maraqlandırırdı. Matçın əvvəlində Cavid İmamverdiyevin vurduğu gözəl qol və 2:1 hesablı yekun nəticə onları xeyli razı saldı. Hamı stadionu məmnun halda tərk etdi.
Ötən gün isə "Kəpəz" "Zirə"yə 0:3, "Sumqayıt" isə "Qəbələ"yə 0:1 hesabı ilə uduzdu. Demək, "Sumqayıt" da elə "Kəpəz" səviyyəsində, qeyri-sabit çıxış edən komandadır. Nə 4000 illik tarixə malik şəhərin, nə də "gənclik şəhəri"nin təmsilçilərindən iddialı komanda gözləməyə dəyməz. "Kəpəz"in heç olmasa, keçmişdə çempionluqları, kubokları var, hətta Avropa Liqasında bir mərhələ adlamağı bacarıb.
Bəs "Sumqayıt" hansı nəticələri ilə öyünə bilər? 1992-1993-cü il Azərbaycan çempionatlarında qazanılmış iki gümüş medaldan başqa heç nəyi ilə...
Əvəzində Gəncədəki kimi istedadlı futbolçular yetişdirib, bu komandanın da təmirinə başlayacağı günü gözləyən stadionu, süni örtüklü də olsa, hər gün məşq edib hazırlaşa bildikləri futbol meydanı var. "Sumqayıt" ən azı "Kəpəz" kimi oyundan-oyuna Gəncədə görünmür, kələ-kötür stadionlarda ev oyunlarını keçirmir.
Bir sözlə, Sumqayıtda daha iddialı komanda görmək istəyirlər. Amma belə birinin olması da heç kimə zərərli deyil. Bunu ev oyunları zamanı azarkeş sayı da təsdiqləyir. Amma onlar nəticə istəyirlər.
Bu olsa, bağlı qalan Mehdi Hüseynzadə adına şəhər stadionu da təmir ediləcək, daha çox tamaşaçı tutan tribunaları da dolacaq, hətta iri ekranlı televizorlarda "derbi"lərə yox, Azərbaycan Premyer Liqasının, "Sumqayıt"ın oyunlarına baxacaqlar.