"Şəmkir” klubu 2017/2018 mövsümündə futbol üzrə Azərbaycan çempionatının I Divizionunda çıxış etməyəcək.
Sportnet.az xəbər verir ki, bu barədə Şəmkirdə start götürən kəndlərarası çempionatın açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov açıqlama verib. O bildirib ki, səbəb klubun müəyyən çətinliklərlə üzləşməsidir: "Biz qərara gəldik ki, bu mövsüm "Şəmkir"in fəaliyyətini qismən dayandıraq və növbəti ildən etibarən rayonun kənd və qəsəbələrində yaşayan potensiallı gənclərdən komanda formalaşdıraq".
Kəndlərarası çempionatın mükafat fondu 9500 manatdır. Qalib 5 min, finalçı 3 min, III yerin sahibi isə 1500 manat mükafat alacaq. Turnir 4 qrupdan ibarət olmaqla 16 komandanın iştirakı ilə keçirilir.
Klubun 2018/2019 mövsümündə yenidən I divizionda iştirakı planlaşdırılır.
Qeyd edək ki, "Şəmkir” ötən mövsüm 48 xalla 6-cı yeri tutub.