"Büdcəsi yüksək olan klublarla oynamaq asan deyil. Bu cür futbolçularla işləyəndə aradakı böyük fərqi görürsən. PSJ kimi klubla bizim komandanın oyunçuları arasında səviyyə fərqi çox yüksəkdir”.
Sportnet.az xəbər verir ki, bunu Çempionlar Liqasının qrup mərhələsinin ilk turunda evdə Fransa təmsilçisi PSJ-yə 0:5 hesabı ilə uduzan Şotlandiyanın "Seltik” komandasının baş məşqçisi Brendan Rocers deyib.
O, bildirib ki, "Seltik”lə yanaşı, "Çelsi”yə 6 cavabsız qolla uduzan "Qarabağ”ı da heç kim buna görə günahlandıra bilməz: "PSJ-nin ən ucuz futbolçusunun 40 milyon avro transfer qiyməti var. Bu həftə Çempionlar Liqasında "Çelsi”yə 0:6 hesabı ilə uduzan "Qarabağ”a da baxın. Onları kimsə günahlandıra bilməz. Belə komandalarda 1-2 yüksək səviyyəli futbolçu olur və digərləri də onların üzərindən oynayır. Amma bu da hər zaman yaxşı alınmır”.