Azərbaycan milli komandasının və "Neftçi” komandasının qapıçısı Səlahət Ağayev əməliyyat olunacaq.
Sportnet.az paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Premyer Liqasının V turunda "Zirə” ilə oyunöncəsi məşqdə zədələnmiş 32 yaşlı qolkiperə sağ budun gətirici əzələsinin vətərinin hissəvi yırtığı diaqnozu qoyulub.
Milli komandanın üzvü sentyabrın 19-da Türkiyənin İstanbul şəhərinə yola düşəcək. Əməliyyat "Acıbadəm” xəstəxanasında baş tutacaq.
Qeyd edək ki, Səlahət Ağayev yay fasiləsində "İnter”dən "Neftçi”yə keçib. Onun əməliyyat olunması ilə yığmada qapıçı mövqeyi ilə bağlı ciddi problem yaranacaq. Çünki Kamran Ağayev də hazırda Çexiyanın "Mlada Boleslav" komandasında ehtiyatda qalır.