İspaniyanın "Real Madrid” klubunun futbolçusu Daniel Karvahal irqçilikdə günahlandırılır.
Sportnet.az "Mundo Deportivo”ya istinadən xəbər verir ki, 25 yaşlı sağ cinah müdafiəçisi La Liqanın III turu çərçivəsində "Levante” ilə görüş zamanı rəqibin qara dərili oyunçusu Cefferson Lermaya qarşı kobud oynayıb və daha sonra onu meymun adlandırıb.
Görüşün baş hakimi Alexandro Xose Ernandes futbolçunun sözünü eşitməsə də, qayda pozuntusuna görə sarı vərəqə ilə cəzalandırıb. Lakin La Liqa rəhbərliyi insidentlə bağlı araşdırma başlamaq niyyətindədir.
Qeyd edək ki, Daniel Karvahal bu gün yetirməsi olduğu "Real Madrid”lə müqaviləsinin müddətini 30 iyun 2022-ci ilə qədər uzadıb. Onun mövcud sözləşməsi 2020-ci ilədək nəzərdə tutulmuşdu.