AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Sportnet.az-ın məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasının VI turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar tədbirlər görülüb.
"Sumqayıt”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Miçel 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
"Neftçi” ilə matç başa çatdıqdan sonra "Qəbələ”nin futbolçuları Stiven Jozef-Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib. Jozef-Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.
"Qəbələ” klubu İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib. Bunları nəzərə alan İntizam Komitəsi qərara alıb ki, Jozef-Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın, klub 3200 manat cərimə olunsun. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.