"Çempionata çox yaxşı hazırlaşmışdıq. Bizim üçün ölkə xaricində təlim-məşq toplanışı təşkil olunmuşdu. Amma Premyer Liqaya istədiyimiz kimi başlaya bilmədik. Ardıcıl oyunlarda uduzduq".
Sportnet.az-ın məlumatına görə, bunu "Kəpəz"in futbolçusu Tural Rzayev klubun rəsmi saytına açıqlamasında deyib. 24 yaşlı hücumçu bildirib ki, uğursuzluğun səbəbkarı elə futbolçuların özləridir: "Çünki komandaya yaradılan şəraitin fonunda inamı doğrulda bilmədik. Sadəcə, oyunumuz biz istədiyimiz kimi alınmadı. Bununla belə sonuncu turda "Qəbələ” səfərində qazandığımız qələbə bizim üçün əla oldu. Əhval-ruhiyyəmiz düzəldi, bir az özümüzə gəldik, komandaya münasibət dəyişdi. Göstərdik ki, istənilən rəqiblə oynaya bilərik, yalnız gücümüzü toplamalıyıq. Bu qələbə "Kəpəz”ə təkan olacaq. Fasilədən sonra daha yaxşı oynaya biləcəyik”.
Cari mövsümdə daha çox oynamaq şans əldə edən Rzayev start heyətinin daimi üzvünə çevirilib. Hücumçu son 4 matçda ilk "11-lik”də yer alıb: "Həmişə öz üzərimdə çalışıram. Məqsədim bütün oyunlarda əsas heyətdə yer almaqdır. Yerimi möhkəmləndirmək istəyirəm. Çox şükür olsun ki, bu mövsüm əlimə düşən fürsəti dəyərləndirə bilmişəm. Mənə şans verdiyi üçün baş məşqçimizə də minnətdaram. Ümidləri doğrultmalıyam. Sözün açığı, hələlik öz oyunumdan tam razı deyiləm. Çatışmazlıqlarım çoxdur. Bunun üzərində məşqlərdə işləyirəm. Nəyə qadir olduğumu meydanda göstərə bilməmişəm”.
Gəncə şəhər stadionunun əsas meydançası bir müddətdir yeniləndiyindən "Kəpəz” doğma publika önündə çıxış edə bilmir. Meydan amilinə görə komanda ilk dövrədə bütün görüşlərini Nizami yurdundan kənarda oynamağa məcbur olub. Rzayevin fikrincə, komanda Gəncəyə dönəndə daha uğurlu qrafik çızmağa başlayacaq: "Azarkeşlər, Gəncə üçün çox darıxmışıq. Fanatlar bizim ən güclü tərəflərimizdən biridir. Onlar "Kəpəz”in üstünlüyüdür. Gəncədən xal aparmaq bütün klublar üçün çox çətindir. Çempionatın liderləri burada büdrəyir. Odur ki, evdə oynayacağımız günü səbrsizliklə gözləyirik. Azarkeşlərin də dəstəyi ilə Gəncədə daha yaxşı mübariz aparıb, xallar qazanacağıq”.
Gəncə futbol məktəbinin yetirməsi olan Tural Rzayev üçüncü mövsümdür ki, "Kəpəz”in uğur qazanması üçün çalışır. 24 yaşlı futbolçu titullar qazanıb adını doğma klubunun şərəf lövhəsinə yazdırmaq fikrindədir.