Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Dördüncü məqalə şərikli bombardirlər - Fazil Pərvərov və Rövşən Əhmədova həsr olunub.
Azərbaycan Premyer Liqasının geridə qalan 25 mövsümündə iki dəfə şərikli bombardirlik qeydə alınıb. Sonuncu çempionatda "İnter”dən Rauf Əliyevlə "Qəbələ”dən Filip Ozobiç hərəyə 11 qol vurmaqla rəqiblərini qabaqlayıblarsa, ilk dəfə 1995/1996 mövsümündə "Kəpəz”in hücum cütlüyü – Pərvərovla Əhmədov ümumilikdə 46 dəfə fərqləniblər.
Mövzu ilə bağlı həmsöhbətimiz olan Pərvərovun şəxsi rekordları bununla bitmir. Gəncə təmsilçisinin heyətində ölkə çempionu olub, Azərbaycan Kubokunu qazanan veteran futbolçu Premyer Liqa tarixində bir oyunda ən çox qol vuran iki oyunçudan biridir. 1993-cü il oktyabrın 24-də "Kəpəz”in evdə "Avtomobilçi”ni 8:0 hesabı ilə məğlub etdiyi görüşdə qəhrəmanımız 7 qola imza atıb. Maraqlıdır ki, bu göstəricidə də Pərvərovun şəriki Əhmədovudur. "Kəpəz”in 1996-cı il noyabrın 23-də "Şəmkir”i 14:2 hesabı ilə üstələdiyi qarşılaşmada qolların yarısını o vurub.
Pərvərov klubların çempionatdakı qol sayında "Kəpəz”in rekordçusudur. Onun hesabında 80 dəqiq zərbə var. Ümumiyyətlə, "Kəpəz"in sabiq hücumçusu bu göstəricidə yalnız 2 oyunçudan geri qalır: "Qarabağ”ın heyətində 109 dəfə fərqlənən Müşfiq Hüseynov və "Neftçi” forması ilə 99 qol vuran Samir Ələkbərovdan.
İndiyədək ölkə çempionatlarında 50 və daha artıq qol vuran 34 futbolçu var. Pərvərov 89 qolla bu siyahıda yer alıb. O, həm də 1993/1994 mövsümündə 8 dəqiq zərbə ilə Azərbaycan Kubokunun bombardiri olub.
Həmsöhbətimiz əksər gəncəli futbolçular kimi Konstantin Abramenkonun yetirməsidir. 1969-cu il təvvəlüdlü olan Pərvərov "Lokomotiv”də başladığı yolu "Kəpəz”də davam etdirib. Lakin hərbi xidmətdən qayıtdıqdan sonra. Karyerası ərzində Buzovna "Xəzri”sində, həmçinin, "Masallı” və "Şəmkir”də çıxış etmiş tanınmış hücumçu son nöqtəni 2006-cı ildə Xanlar rayonunu təmsil edən "Göygöl”də qoyub.
"Kostya dayının yetirmələrindənəm. Xaliq Mərdanov, Ceyhun Tanrıverdiyev, Mahmud Qurbanov, Rövşən Əhmədov və digərləri ilə birlikdə futbola başlamışıq. Həmin dövrdə sistem belə idi ki, hər il "Lokomotiv”dən 2 futbolçu "Kəpəz”ə 2 futbolçu verilirdi. Mən hərbi xidmətdən qayıdandan sonra bu şərəfə nail oldum”, - Pərvərov söhbətə başlayır.
- Hərbi xidmətdən 1990-cı ildə qayıtmışam, SSRİ dağılmaq ərəfəsində idi. "Kəpəz” həmin vaxt 2-ci divizionda çıxış edirdi. Baş məşqçimiz rəhmətlik Sergey Kramerenko idi. "Lokomotiv”lə yoxlama oyunu keçirdilər. "Kəpəz”ə 1:2 hesabı ilə uduzsaq da, baxımlı qola imza atdım. Sağ cinahda oynayırdım. Elə həmin görüşdə də məni bəyənib, komandaya götürdülər. Bununla da parlaq günlərim başladı.
- Statistikaya nəzər salsaq, həqiqətən də hücumçuluq bacarığınızın yüksək olduğunu görürük. "Kəpəz”in heyətində ölkə çempionatlarında hamıdan çox – 80 qol vurmusunuz. Azərbaycan Premyer Liqasının və ölkə kubokunun bombardirisiniz...
- Həqiqətən yaxşı günlər olub. İndi çoxları xatırlamaya bilər, lakin mənim də parlaq mövsümlərim olub. İndiki imkanlar, matçların canlı yayımlanması və internet olsaydı, Avropanın yaxşı klublarında çıxış edərdim. Lakin elə alındı ki, müxtəli illərdə "Kəpəz”də, bir mövsüm "Xəzri”də, 3 ay "Masallı”da, bir il "Şəmkir”də və "Göygöl”də forma geyinməklə kifayətlənidim.
- Premyer Liqada bombardir olduğunuz mövsümü necə xatırlayırsınız?
- Çox maraqlı mövsüm idi. Yekunda bürünc medal qazansaq da, Rövşənlə mən hərəyə 23 qol vurduq. Çox yaxşı formada idik, yaxşı anlaşırdıq. Ümumilikə güclü kollektivimiz vardı. Qol vurmaq potensialımız çox yüksək idi. Oyunlarda 2-3 qol vurandan sonra rahatlaşmır, mümkün qədər çox vurmağa çalışırdıq. Həmin mövsümə nəzər yetirsəniz, "Kəpəz”in bir çox oyunlarda böyük hesabla qalib gəldiyini görərsiniz.
- Bombardirlik yarışında Əhmədovla bir-birinizi keçmək üçün aranızda paxıllıq vardı? Məsələn, ötürmə etməyib, özünüz vurmaq kimi...
- Futbolda belə rəqabət həmişə olub, bizim dövrümüzdə də vardı. Bu da futbolun gözəlliyidir. Lakin yekunda elə alındı ki, hərəyə 23-nü vurduq. Təsadüfən belə alındı. Heyətimizdə təcübəli oyunçular da çox idi. "Kəpəz”ə düşmək üçün başından yuxarı hoppanmalı idin.
- Bir oyunda 7 qol vuduğunuz da olub. Bu cür motivasiya olunmağınızın səbəbi nə idi?
- Bəli, "Avtomobilçi” ilə qarşılaşmada olub. "Kəpəz”in hər zaman Tovuz, Şəmkir, Yevlax kimi qonşu rayonun komandaları ilə matçları prinsipial xarakter daşıyırdı. Gəncədə həmişə azarkeş dəstəyi çox yüksək olub, bu cür rəqiblərlə duellərdə isə gərginlik daha da artırdı. "Avtomobilçi” Yevlaxı təmsil etdiyindən, nə qədər çox qol vursaq, bir o qədər yaxşı idi. Həmin qarşılaşmada 8:0 hesabı ilə qalib gəldik. Qollardan 7-ni mən vurdum. Öz işimin ustası idim, üzərimdə çox işləyirdim. Əlavə məşqlər edirdim.
- Parlaq karyeranız olsa da, sonradan futbol ictimaiyyətindən uzaq düşmüsünüz. Yenicə özünüzə "facebook”da profil açmısınız...
- Elədir. Məşqçilik kateqoriyası almadım. Maddi vəziyyətlə əlaqədar başımı başqa işlərlə qatdım. Amma futbol sahəsində də çalışmağa hazır adamam. Yavaş-yavaş sosiallaşmağa çalışıram.
- Məşqçi işləməyə marağınız yox idi?
- Diplomun olmayandan sonra heç kim qəbul etmir. Müxtəlif idman təşkilatlarına müraciət etsəm də, bir nəticəsi olmadı.
- Səhv etmirəmsə, karyeranızı bitirdikdən sonra ticarətlə məşğul olmusunuz. Gəncədə qadın geyimlərinin satışı ilə məşğul olduğunuzu oxumuşdum...
- Bəli, ticarətlə məşğul idim. Lakin artıq iflasa uğramışam, banklarla problemim var. Devalvasiyadan sonra ziyana düşdüm, işim də dayandı. Hazırda işsizəm. Zərərə düşmüşəm, bir az borc yaranıb. Əvvəl Gəncə bazarında, sonra ticarət mərkəzində qadın geyimləri satırdım. Karyeramı bitirəndən bəri bu işlə məşğul olmuşam. İndi harda olsa, çalışaram. Təki iş olsun.
- Siz həm də milli komandanın üzvü olmusunuz. Fransada "Oser faciə”sinin canlı şahidlərindənsiniz. Klubda olduğu qədər yığmada özünüzü daha yaxşı göstərməyinizə nə mane olub?
- Yığmada az oynamışam, düzdür. Həmin vaxt hücum xəttində Nazim Süleymanov, Qurban Qurbanov, Vidadi Rzayev, Yunis Hüseynov kimi simalar vardı. Ona görə də elə də çox oyun keçirməmişəm. Lakin hesabımda 2 qol var. Fransaya 0:10 hesabı ilə uduzduğumuz görüşdə də ehtiyatda qalmışdım. Fransa yığmasının heyətində çox böyük oyunçular yer almışdı.
- Bu gün "Kəpəz” ağır günlərini yaşayır, sonuncu pillədə qərarlaşıb. Bu barədə nə deyə bilərsiniz?
- Oyunlara baxıram, mənə çox pis təsir edir. Sanki meydana Gəncəni təmsil etmək üçün çıxırlar. İndiki dövrdə, bu cür şəraitdə belə oynamaq qəbuledilməzdir. Biz aylarla maaş almırdıq.
- "Kəpəz” kimi klubun Bakıda məşq edib, yalnız oyunlar üçün Gəncəyə gəlməyi də xoş olmayan mənzərədir...
- Razıyam, Gəncənin öz ab-havası var. Bu amil də komandanın uğursuz çıxışında mühüm rol oynayır. Bizim vaxtımızda məşq meydançasında ot yox idi. Torpağın üstündə məşq edib, çıxıb "Neftçi”ni, "Şəmkir”i udurduq. Səfər matçlarına oyun günü gedirdik. Yeməyimizi maşında yeyir, stadiona çatıb, oynayıb qayıdırdıq.
- İş üçün "Kəpəz”ə müraciət etmisiniz? Ən azı uşaq komandalarında çalışa bilərsiniz...
- Kateqoriya məsələsi qabağımı alır.
- Yeri gəlmişkən, yığma üzvlərinə avtomatik olaraq məşqçilik üzrə "C” lisenziyası verilir. Ən azı bunu ələ edib məşqçi işləyə bilərdiniz...
- Gərək bununla bağlı AFFA-ya müraciət edəm. Sonra digər müvafiq lisenziyaları da alaram. Futbola yad adam deyiləm. Özüm də yaxşı oynamışam. İndi bildiklərimi başqalarına öyrədə bilərəm. Bizim fiziki göstəricilərimiz indikilərdən qat-qat güclüdür. "Kəpəz”in matçlarına baxıram, bəzi futbolçular sanki gəzməyə çıxırlar. Ayın axırını gözləyirlər ki, maaş alsınlar. Telefon, sosial şəbəklələr, geyim... Məşqdən başqa hər şeyi düşünürlər, öz üzərlərində işləmirlər. "Kəpəz”də bu klubun həqiqi dəyərini bilənlər yer almalıdır.
- Rövşən Əhmədovla əlaqəniz var?
- Bəli, o da Gəncədə yaşayır. Bir neçə gün əvvəl görmüşəm. Mobil telefon işlətmir deyə, tez-tez danışıb eləmirik.
- Nə işlə məşğuldur?
- Bir ara taksi sürürdü, indi də ailəsini saxlamaq üçün əlindən gələni edir.
- Övldalarınız sizin yolunuzu davam etdirir?
- Xeyr. Mənim 2, Rövşənin 1 oğlu var. Heç biri futbolçu deyil.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir