
İspaniya "Barselona"sının "Kamp Nou" stadionuna dönüşü ilə bağlı yenidən yaranan gecikmələr klub rəhbərliyinə təzyiqi artırıb.
Sportnet.az xəbər verir ki, azarkeşlər və müxalifət təyin olunan tarixlərin ard-arda pozulmasına görə narazılıqlarını bildirir.
Keçən il 125 illik yubiley münasibətilə stadionun noyabrda açılacağı vəd edilsə də, bu, reallaşmayıb. Sonrakı tarixlər – 2025-ci ilin əvvəlində və ya "Real Madrid"lə El Klasiko üçün nəzərdə tutulan açılış da baş tutmayıb. Bu il isə vitse-prezident Yelena Fort Qamper turnirində 60 000, sonra isə 25 000 azarkeşlə qayıdış vəd etsə də, nəticə sıfır olub.
Hazırda sentyabrın 21-də "Xetafe" ilə keçiriləcək oyunun harada baş tutacağı məlum deyil. Yelena Fort deyib: “İcazəni almağı ümid edirik, amma bunu təmin edə bilmirik. Sənədləri vaxtında təqdim edə bilmədik”.
"Barsa" müxalifətindən isə sərt reaksiyalar gəlib. Keçmiş prezidentliyə namizəd Víktor Font bildirib: “Klubun idarə olunması çətin olsa da, aldadıcı vədlər qəbul edilə bilməz”.
Qeyd edək ki, azərbaycanlı iş adamı Adnan Əhmədzadə "Barselona"nın prezidenti olan dostu Joan Laportaya dəstək məqsədilə Bakıda klub akademiyasının açılmasını təmin edib və bu məqsədlə Kataloniya təmsilçisinə vəsait ödənilib. Lakin bütün bunlar Laportanın işlərinin qaydasına düşməsinə əhəmiyyətli dərəcədə kömək etməyib.