1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Danışılmış oyunların izi ilə - LAYİHƏ - VİDEO
Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Futbolumuzun tarixi: heç kim və heç nə unudulmur" layihəsinin icrasını davam etdirir. Beşinci yazıda danışılmış oyunlara toxunacağıq. Yaxın keçmişi vərəqləyib, bu istiqamətdə görülən tədbirlərə nəzər salacağıq.
Danışılmış matçlar futbolun oynandığı hər yerdə var. Ən nüfuzlu turnirlərdən tutmuş, həvəskar liqara qədər nəticəsinə bu və ya digər formada təsir edilmiş qarşılaşmalar mövcuddur. Motivlər fərqli olsa da, məqsəd eynidir – hesab idman prinsiplərinə görə deyil, müdaxilə sayəsində müəyyənləşir. Motivlər kimi, nəticəyə "barmaq edənlər” də fərqli ola bilər. Bütün bunlar barədə mərhələli şəkildə söhbət açacağıq.
"Peraşki dövrü”nün bəsit motivləri
Başlayaq futbolumuzun "peraşki dövrü”ndən. Müstəqilliyin ilk illərində danışılmış oyunların motivləri də bəsit idi. Örnəyi, bombardirlik yarışında birinci olmaq üçün "qol şouları”. 1999-cu il aprelin 25-də baş tutan "Viləş” – "Turan” oyununda 6:6-lıq heç-heçə qeydə alınır, meydan sahiblərinin qollarının hamısını 24 topla 1998/1999 mövsümünün bombardiri Alay Bəhramov vurur. Həmin qarşılaşmanın məhz Masallı təmsilçisinin forvardının bombardir adını qazanması üçün razılaşdırıldığı deyilir. Ona görə hesab da bir qədər qəribədir və hələlik Premyer Liqanın ən bol qollu heç-heçəsidir. Görünür, tovuzlular Bəhramovun 6 qoluna qarşı 1 xal istəyiblər.
Mehman Allahverdiyevin "benefisi”
Mehman Allahverdiyev Azərbaycan futbolunun özünəməxsus simalarından biri, Gəncə futbolunun adı çəkiləndə yada düşən şəxslərdəndir. Lakin onun da maraqlı "gedişləri” olub. 1992-ci ildə keçirilmiş ilk çempionatda - həmin il oktyabrın 20-də Gəncədəki "Kəpəz” – "Ümid” matçında qeyri-adi hadisə baş verir. "Nizami yurdu" təmsilçisinin heyətində top qovan Allahverdiyevin bombardir olmaq həvəsi o qədər güc gəlir ki, 13:1 hesabı ilə qalib gəldikləri görüşdə 10 qol vurur. Lakin eyni oyunçunun Cəlilabad təmsilçisinin qapısından bu qədər top keçirməsi AFFA-da şübhələrə yol açır. Nəticədə milli assosiasiya onun bir matça ən çox qol vuran fubolçu kimi tarixə düşməsini qəbul etmir və "rekord"u ləğv edilir. Qarşılaşmanın nəticə isə saxlanılır.
Yeri gəlmişkən, Azərbaycan çempionatlarında bir matçda ən çox qol vuran iki futbolçu var və hər ikisi buna "Kəpəz” forması ilə müvəffəq olub. 1993-cü il oktyabrın 24-də "Kəpəz”in evdə "Avtomobilçi”ni 8:0 hesabı ilə məğlub etdiyi görüşdə Fazil Pərvərov 7 qola imza atıb. "Kəpəz”in 1996-cı il noyabrın 23-də "Şəmkir”i 14:2 hesabı ilə üstələdiyi qarşılaşmada isə qolların yarısını Rövşən Əhmədov vurub. Özü də hər iki matçda "Kəpəz”in sükanı arxasında məhz Allahverdiyev olub. Futbolçu ikən bombardirlik arzusu ürəyinə qalan təcürbəli məşqçinin bacarmadığını yetirmələri edib.
"Neftçi”nin Tovuzdakı geridönüşü
2009/2010 mövsümündə, o vaxt Unibank Premyer Liqası adlanan çempionatın XIII turunun "Turan" – "Neftçi" görüşündə baş verənlər də yaddaşlarda iz buraxıb. 2009-cu il dekabrın 5-də Tovuzda baş tutan matçın ilk yarısı meydan sahiblərinin 2:0 hesablı üstünlüyü ilə başa çatır. Fasilə zamanı apasport.az saytı "ağ-qaralar”ın ikinci hissədə 3 qol vuraraq qalib gələcəyini yazır və öncədən söylənilən ssenari gerçəkləşir.
İddiaya görə, fasilədə "Turan” rəhbərliyindən baş məşqçi Nizami Sadıqova zəng gəlir. Ona deyilir ki, "Turan” ikinci hissədə 3 top buraxıb uduzmasa, futbolçu və məşqçilərin pulları verilməyəcək. Üstəlik, komanda dağılacaq! Sadıqov öz növbəsində aldığı tapşırığı futbolçulara çatdırır və qonaqlar 3 qol vurub, 3 xal əldə edir.
Matçdan sonra azarkeşlər oyunun satılmasını əsas gətirərək, futbolçu və məşqçiləri daş-qalaq edir. Qəzəblənmiş fanatlar baş məşqçi Nizami Sadıqovu istefaya səsləyirlər. "Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov isə mətbuat konfransında maraqlı açıqlama verir: "Səmimi deyirəm, mənim heç nədən xəbərim yoxdur. Danışılmış oyunlar yalnız rəhbərlik səviyyəsində olur”.
Bir neçə gün sonra "Turan" – "Neftçi" oyununun araşdırılması məqsədilə yaradılan komissiya öz qərarını açıqlayır. Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin əmri ilə təşkil olunmuş komissiya Tovuzdakı görüşlə bağlı araşdırma nəticəsində danışılmış oyunun olduğunu təsdiqləmir: "Tərəfimizdən Unibank Premyer Liqasının XIII turunda keçirilmiş "Turan" – "Neftçi" oyununun videoyazısına baxılıb. Araşdırmalar zamanı məlum olub ki, oyun normal idman mübarizəsi şəraitində keçib. Bu oyunla bağlı bəzi KİV-də gedən məlumatlar həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır".
Buna rəğmən, həmin oyunun iştirakçılardan olan "Turan”ın sabiq moldovalı futbolçusu Valeri Onila sonradan ölkəsində verdiyi müsahibələrin birində "Neftçi”yə tapşırıqla uduzduqlarını etiraf edir. O, baş məşqçinin göstərişini yerinə yetirdiklərini boynuna alır: "Bəli, mən də danışılmış oyunda iştirak etmişəm. Hadisə Azərbaycanda olub. Bizim komandaya "Neftçi"nin sabiq məşqçisi (Nizami Sadıqov - red.) rəhbərlik edirdi. Tovuza isə onun keçmiş klubu qonaq gəlmişdi. Rəqib çempionluq uğrunda mübarizə aparırdı. Bizə deməmişdilər ki, oyunu vermək lazımdır. Amma start heyəti, yumşaq desək, təəccüblü idi. "11-lik"də əvəzedicilər və demək olar ki, əsas komandada ehtiyatda qalanlar yer almışdı. Ən maraqlısı da odur ki, ilk yarıdan sonra 2:0 hesabı ilə öndə idik. Fasilə vaxtı paltardəyişmə otağına girərkən, baş məşqçimizi qəmgin gördük. O, bizə dedi: "Uşaqlar, kömək edin ki, uduzaq. Amma heç bir mükafat olmayacaq". Yekunda 2:3 hesabı ilə uduzduq. Əlbəttə, tribunalar bizə kəskin etirazlarını bildirdilər. Ehtiyat oyunçular skamyasındakı təcrübəli futbolçular bu "şou"da iştirak üçün meydana çıxmaq istəmirdilər. Onlar birbaşa meydanın kənarında məşqçi ilə söyüşürdülər. Həmin vaxt mən matçın sonlarında meydana girmişdim”.
Böyükağa Hacıyevdən seçmələr
"Turan”ın adı 2008/2009 mövsümündə də danışılmış oyunda hallanıb. Bu, 2009-cu il mayın 9-da Tovuz təmsilçisinin "Bakı”ya 0:2 hesabı ilə uduzduğu görüşdür. Böyükağa Hacıyevin baş məşqçi olduğu paytaxt təmsilçisi həmin mövsüm 62 xalla çempion olur və gümüş mükafatçı "İnter”i cəmi 1xal qabaqlayır.
Hacıyevin adının qarışdığı başqa bir matç isə 2014/2015 mövsümünün açılış turuna təsadüf edib. Onun rəhbərlik "Neftçi” səfərdə debütant "Araz Naxçıvan”a 0:3 hesabı ilə uduzur. Bəhanə ilə həmin görüşə getməyən Hacıyev sonradan belə demişdi: "15 il "Araz Naxçıvan”ın kapitanı olmuşam, bu komandaya qalib gələ bilməzdim”.
"İnter” – "Simurq” qardaşlığı
Danışılmış oyunlardan danışırıqsa, "İnter” – "Simurq” qardaşlığını xatırlamamaq günah olardı. 2006/2007 mövsümündə elitada çıxış edən Zaqatala təmsilçisi fəaliyyətini dayandırdığı 2014-cü ilə qədər böyük qardaşına sədaqətlə xidmət etdi. Azərbaycan Beynəlxalq Bankının maliyyələşdirdiyi bu iki komandanın, demək olar ki, bütün oyunları söhbətlərə yol açırdı. Özü də "Simurq” "İnter”ə davamlı olaraq uduzmaqla kifayətlənmir, böyük qardaşın önünü açırdı. Həmin dövrlərdə əksər aparıcı komandalar Zaqatalada çətinliklə üzləşir, xal itirirdilər.
Gəl ki, AFFA-nın danışılmış oyunları aşkarlamaq üçün Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət qrup üzvləri qardaşların oyunlarını dəfələrlə canlı izləsələr də, əliboş qayıdırdılar. Nədənsə, şübhəli heç nə tapmırdılar.
AFFA-nın bata bilmədiyi nəhənglər
Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramının təsdiqlənməsindən sonra yaşanan bumun fonunda dəfələrlə danışılmış oyunlar olub. Lakin nə AFFA və PFL rəhbərliyi, nə də Apellyasiya və Ekspert Komitəsinin nəzdində futbol mütəxəssislərindən ibarət yaradılan qrupun üzvləri "iri balıqları” qarmağa keçirə bilməyib. Bu da çempionatda mükafatlar uğurunda mübarizə aparan klubların başında duranların əllərində böyük vəsait olmasından, necə deyərlər, qılınclarının arxasının da, qabağının da kəsməsindən irəli gəlirdi. 2015-ci ilə qədərki mühit baş verənlərə göz yummağı şərtləndirirdi.
Təsəvvür edin, 2010/2011 mövsümündə 1 maya təsadüf edən AZAL – "Neftçi” matçında qonaqlar 3:1 hesabı ilə qalib gəlir, çempionluğu rəsmiləşdirir. Həmin mövsümdə dəfələrlə "ağ-qaralar”ın oyunlarına referi kimi təyinat alan, "Neftçi”nin hakimi” kim ad çıxaran Əfqan Həmzəyev Şüvəlandakı qarşılaşmadan sonra qonaqların prezidenti Sadıq Sadıqovun boynuna sarılır, çempionluq münasibəti ilə təbrik edir. İndi bunu yazanda adama lətifə kimi gəlir. Lakin bu, yaşanmış bir olaydır. Yəni, həmin vaxtlarda bu qədər sərbəstlik idi, heç nəyə məhəl qoymurdular, çəkinmirdilər.
Bir anlıq göz önünə gətirin: "Qarabağ” çempion olur, məsələn, Əliyar Ağayev qaçıb Tahir Gözəli qucaqlayır... Bunu düşünmək belə, qəribə hisslər oyadır.
İndi vəziyyət fərqlidir. Çempionluğa iki komanda oynayır – "Qarabağ” və "Qəbələ”. Ciddi bir rəqabət olmadığı vaxtda oyun almağa da gərək yoxdur. Həm də artıq dövr dəyişib. Demək olar ki, bütün matçların canlı yayımlanması, sosial şəbəkələrin varlığı klubları ötən günləri yada salmaqdan çəkindirir.
Tora düşən "kilkələr”
Bu ilin martında UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA İcraiyyə Komitəsinin bununla əlaqədar tövsiyyələrinə əsaslanaraq, "danışılmış oyunlar"da iştirakı qismən sübut edilən 9 oyunçuya 2016/2017 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edildi. Adları danışılmış oyunlarda ən çox hallanan "Rəvan” və "Şərurspor” I Diviziondan kənarlaşdırıldı. Həmçinin "Şahdağ”, "Energetik”, "Bakılı” və "Göyəzən”ə xəbərdarlıq edildi. Hakim Anar Niyazovun futbola aid hər bir məşğuliyyətinə ömürlük qadağa qoyuldu. "Şahdağ”ın inzibatçısı Rafael Kübərov isə 2 il müddətinə cəzalandırıldı.
Təsadüfi deyil ki, cari mövsümdə artıq "Rəvan”, "Şərurspor”, "Şahdağ”, "Energetik”, "Bakılı” və "Göyəzən” heç bir yarışda iştirak etmirlər.
"Bakılı”nın 22 qat qazancı
AFFA danışılmış oyunlarla bağlı UEFA-nın hesabatına əsasən ölçü götürsə də, bunadək ölkə mətbuatında bu mövzuda müxtəlif xəbərlər yer almış, lakin milli assosiasiya bunlara önəm verməmişdi.
Məsələn, futbolinfo.az saytı 2014/2015 mövsümünün XXIII turu çərçivəsində keçirilən "Bakılı” – "Göyəzən” maçınının start fitindən əvvəl ssenarini yazır: "Göyəzən” fasiləyə hesabda irəli yollanacaq, lakin "Bakılı” ikinci hissədə dönüş edib qələbə qazanacaq.
Oyun başlayır. Qazax təmsilçi ilk 7-ci dəqiqədə hesabı açır. Rəqib qapısına yaxın getməyən "Bakılı” qonaqlarn fərqlənməsi üçün əlavə imkanlar yaradır. Lakin ilk hissə 0:1 hesabı ilə bitir. Fasilədən dərhal sonra "Bakılı” penalti vurmaq hüququ qazanır, amma zərbə qeyri-dəqiq olur. Buna rəğmən, 60-ci dəqiqədə hesab bərabərləşir. 75-ci dəqiqədə isə meydan sahibləri qələbə topunu vururlar – 2:1. Beləliklə, ssenari təsdiqini tapır.
Matçın danışılmış olduğunu anlamaq üçün videoicmala baxmaq kifayətdir. Onu da əlavə edək ki, "Bakılı”nın əksər matçları bol qollu olması ilə diqqət çəkir. Bu da komanda üzvlərinin öz matçlarına "üst” yazmalarından irəli gəlir. Ancaq "Göyəzən”lə görüşün əmsalı kifayət qədər yüksək olub. İlk yarını uduzub, oyunu udmaq 22 əmsal idi.
Təkliflərə açıq olan "Göyəzən”
Danışılmış oyunların əsas qəhrəmanları "Şərurspor”, ""Göyəzən”, "Bakılı”, "Şahdağ”, Rəvan” və "Energetik” olsa da, hər zaman daha çox ilk üç komandanın adı ön plana çıxıb. Bu da onların heç nəyə məhəl qoymamalarından və danışılmış oyunları olduqca bərbad təşkil etmələrindən irəli gəlib.
Yeri gəlmişkən, "Göyəzən” əksər hallarda danışılmış oyunların təşkilatçısı deyil, rəqibin çaldığı havaya oynayan olub. Təsəvvür edin, 2015/2016 mövsümünün ilk dövrəsində evdə "Şərurspor”a 0:5 hesabı ilə uduzan qazaxlılar XV turda səfərdə 3:0 hesabı ilə qalib gəlir.
Ötən mövsüm I Divizionun VII turu çərçivəsində keçirilən "Göyəzən” – "Şahdağ” oyunu da göz oxşayır. Qazaxda baş tutan və 1:1 hesabı ilə yekunlaşan matçın danışılmış olduğuna əminlik üçün aşağıdakı videoda vurulan qolları izləmək kifayətdir. Plan belə olub: ilk hissə və yekun nəticədə bərabərlik qeydə alınmalıdır.
Yeri gəlmişkən, bu oyuna "B” variantı qismində təyinat alan referi ilk hissədə meydan sahiblərinin təmiz qolunu qeydə almır. Lakin təəssüf ki, PFL-in yayımladığı videoicmala həmin epizod daxil edilməyib.
Qeyd edək ki, matçdan dərhal sonra fanat.az saytında oyunun danışılmış olduğuna dair yazı dərc olunub.
Sonda qeyd edək ki, noyabrın 13-də AFFA-nın inzibati binasında I Divizionda çıxış edən klubların nümayəndələri ilə görüş keçirilib. AFFA-nın baş katibi Elxan Məmmədov, PFL prezidenti Ramin Musayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov iştirak etdiyi tədbirin mövzusu danışılmış oyunlar olub. Mərasimdə aşağı dəstə təmsilçilərinə növbəti dəfə xəbərdarlıq edilib.
Ardınca, UEFA-nın danışılmış oyunlarla bağlı AFFA-dakı nümayəndəsi Kamran Cəbrayılov "Report”a verdiyi müsahibədə cari mövsümdə I Divizonda baş tutan şübhəli oyunlarla bağlı qitə fulbol qurumundan hesabat aldıqlarını açıqlayıb...
Haşiyə: Ötən ilin noyabrında Azərbaycan Respublikasının Cinayət Məcəlləsində İdman yarışlarının manipulyasiya maddəsində dəyişiklik edilib. Həmin maddəni olduğu kimi təqdim edirik:
Maddə 192-2. İdman yarışlarının manipulyasiyası
192-2.1. İdman yarışlarının manipulyasiyası məqsədilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.2. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançı, idman hakimi, məşqçi, sponsor və ya digər şəxs tərəfindən hər hansı hərəkətə (hərəkətsizliyə) görə onların özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə, maddi və ya sair nemətin, imtiyazın və ya güzəştin istənilməsi və ya alınması, yaxud bu barədə təklifin və ya vədin qəbul edilməsi - üç min manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə üç ildən altı ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.3. Bu Məcəllənin 192-2.1-ci və 192-2.2-ci maddələrində nəzərdə tutulmuş əməllər:
192-2.3.1. təkrar törədildikdə;
192-2.3.2. mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə -altı ildən səkkiz ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.4. İdman yarışlarının manipulyasiyası məqsədi ilə idmançıya, idman hakiminə, məşqçiyə, sponsora və ya digər şəxsə, yaxud onların yaxın qohumlarına zor tətbiq etmə və ya zor tətbiq etmə hədəsi ilə hədələmə, yaxud onların özü və ya yaxın qohumları haqqında rüsvayedici məlumatlar yayma və ya onların özünün və ya yaxın qohumlarının əmlakını tələf etmə hədəsi ilə onların hər hansı hərəkətləri etməsini və ya etməməsini tələb etmə - üç ilədək müddətə azadlıqdan mərhum etmə ilə cəzalandırılır.
192-2.5. Bu Məcəllənin 192-2.4-cü maddəsində nəzərdə tutulmuş əməllər həyat və ya sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd: 1. Bu Məcəllənin 192-2.1-ci, 192-2.2-ci və 192-2.4-cü maddələrində "idman yarışlarının manipulyasiyası” dedikdə şəxsin özünün və ya başqalarının xeyrinə qeyri-qanuni üstünlük əldə etməsi üçün idman yarışlarının gedişatını və ya nəticəsini qəsdən dəyişdirməyə yönəlmiş əməli (hərəkəti və ya hərəkətsizliyi) başa düşülür.
2. Bu Məcəllənin 192-2.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəxs bu barədə müvafiq dövlət orqanına könüllü məlumat verdikdə və ya bu əməli ona qarşı tətbiq edilən hədə-qorxu nəticəsində etdikdə cinayət məsuliyyətindən azad edilir.
3. Bu Məcəllənin 192-2.2-ci maddəsində nəzərdə tutulmuş əməli öz xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar törətmiş vəzifəli şəxs bu Məcəllənin 311-сi maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunur.
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir.