Sabah Tofiq Bəhramov stadionunda "Qarabağ"la qarşılaşacaq Fransa "Sent Etyen"i üçün bu oyun xüsusi əhəmiyyət kəsb edir. Sportnet.az-ın "yaşıllar"ın rəsmi saytına istinadən məlumatına görə, Kristof Qaltyenin rəhbərlik etdiyi komanda Respublika stadionunda Avrokuboklar tarixində yubiley - 90-cı matçına çıxacaq.
Fransa mətbuatının ciddi önəm verdiyi Ağdam təmsilçisinə qədər qitəmiqyaslı yarışlarda 89 oyun keçirən komandanın debütü uzaq 1957-ci ilə təsadüf edir. Fransızların avrokuboklardakı ilk rəqibi Şotlandiya "Qlazqo Reyncers"i olub. Ovaxtki Avropa Çempionlar Kubokunda 41 görüş keçirmiş "Sent Etyen" UEFA və Avroliqada da ümumilikdə 38 dəfə meydana çıxıb. Aktivində 6 Kuboklar Kuboku oyunu olan Fransa klubu 4 dəfə də İntertoto yarışlarında iştirak edib. Komanda bütün bu oyunlarda ümumilikdə 39 qələbə, 21 heç-heçə və 29 məğlubiyyət əldə edib.
Bu isə o deməkdir ki, "Sent Etyen" Bakıdakı yubiley matçına yubiley qələbəsi qazanmaq, "Qarabağ" isə bu komandaya yubiley məğlubiyyəti yaşatmaq üçün çıxacaq.
Qeyd edək ki, oyun saat 21:00-da başlanacaq.