Topaz Premyer Liqasının 17-ci turunda səfərdə "Səbail"ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra "Qəbələ"nin futbolçusu Asif Məmmədov jurnalistlərin suallarını cavablandırıb:
Sportnet.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi öncə oyun haqda danışıb...
- Çox danışa bilmirəm. Məğlub olduq. Belə oyunlarda xal itirmək yaxşı hal deyil. Pis oynamadıq. Öz qapımıza vurduğumuz qol bizi ruhdan saldı.
- Cavid Hüseynovun yoxluğu hiss olunurdumu?
- Hər futbolçunu əvəz edən oyunçu var. Tam heyət olsaydı, daha yaxşı olardı. Amma yenə deyirəm ki, pis oynamadıq. Bəxtimiz də gətirmədi.
- "Qəbələ”nin mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyi gözlənilirdi...
- Buna qədər pis çıxış etmirdik. Sabah "Qarabağ”ın Gəncədə "Kəpəz”ə qalib gələcəyi halda liderdən bir qədər də uzaqlaşacağıq. İşimizi çox çətinləşdirdik. Çempionluq şansımız çox azaldı.
- "Qarabağ”ın xal itirəcəyini gözləyirsiniz?
- Çətin ki, bu, baş versin.
- İddianı davam etdirmək üçün "Qarabağ”a qalib gəlmək lazım idi...
- Bu matç fasilədən sonra ilk oyun idi. Səfərdə oynayırdıq. Nəticə pis deyildi. Oyunumuz da yaxşı alınmadı.
- Liderlik uğrunda mübarizə zəiflədi?
- Yenə də oyunumuzu göstərməyə çalışacağıq. Qələbə üçün oynayacağıq. "Qarabağ”ın məğlubiyyətini gözləməliyik. Artıq hər şey öz əlimizdə deyil.
Təbriz QULİYEV