Topaz Premyer Liqasının 17-ci turunda "Zirə" ilə heç-heçə (1:1) edən "Neftçi"nin futbolçusu İqnasio Herrera oyundan sonra jurnalistlərin suallarını cavablardırıb:
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Paltardəyişmə otağından gec çıxdınız. Bu nə ilə bağlı idi? Baş məşqçi komandanı tənqid edib iradlarını bildirirdi?
- Öncə demək istəyirəm ki, orda danışılanlar komanda üzvlərinin şəxsi məsələsidir. Bu baradə danışmaq istəmirəm. Danışmağa da məcbur deyiləm. Oyuna gəlincə isə, çox çalışdıq. Mübarizə apardıq. Rəqib komandanın qapısına qol da vurduq. Buna baxmayaraq, 2 xal itirdik. Xal itirdiyimizə görə üzülürəm. Ruhdan düşmək olmaz. Növbəti oyun haqda fikirləşməliyik.
- Qol vurduğun an qapıçı müqavimətini itirdi. Nadir hallarda uzaq məsafədən qapını yoxlayırsan...
- Qapıçının konsentrasiyasını itirdiyini görmədim. Zərbə vurmağa hazırlaşdım və özümü sınadım. Top da qapıya getdi. Cinahlardan ötürmələr ilə yadda qalmaq istəyirəm. Çalışıram komandama xeyir verim. Bu gün isə elə gətirdi ki, qol vurdum. Rəqib zəif komanda deyil. Layiqli oyun sərgilədilər.
- Seqoviya və Barqasla birlikdə gəlmişdin. Həmin futbolçular isə ehtimadları doğrultmadı və komandadan göndərildilər. Yeni futbolçular barədə nə deyə bilərsən? Hücumdakı yeni simalar komandanı tərk edənlərdən nəyi ilə fərqlənirlər?
- Hər bir yeni futbolçu Azərbaycana gələndə uyğunlaşma prosesi keçməlidir. Ölkəyə, komandaya uyğunlaşmalıdır. Yeni gələnlər isə 3 həftədir ki, bizimlədir. Komandaya uyğunlaşmaq üçün çox çalışırlar. Xeyirli olmaq istəyirlər. Bu uyğunlaşma prosesini mənim kimi Barqas və Seqoviya da keçib. Yeni futbolçulardan çox şey gözləyirəm. İnanıram ki, komanda üçün uğurlu transferlər olacaq.
- Köhnələrdə niyə alınmadı?
- "Neftçi” kimi komandada 9 nömrəli formanı geyinmək məsuliyyətlidir. Ondan istənilən çıxışı görmədikdə isə komandada dəyişikliklər olur. Nikolas Kanales bu komandaya gələndə 2-3 oyun sonra hamı onu tənqid edirdi. Daha sonra isə komandanın və çempionatın bombardiri oldu.