"Zirə"nin futbolçusu Evans Uilyams səfərdə "Neftçi" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XVII tur matçından sonra jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az-ın məlumatına görə, komandasının bərabərlik qolunu vuran trinidad və tobaqolu yarımmüdafiəçi öncə görüşü dəyərləndirib...
- Hər iki komanda start fitindən sonra yaxşı başladı. Mənim üçün həyəcanlı oyun oldu. Amma ümumi götürəndə bütün futbolçular matçdan zövq ala bildilər. Oyun yaxşı keçdi.
- Bu gün Premyer Liqada qol hesabını da açdınız...
- Bu, hər bir futbolçunun karyerasında arzuladığı bir şeydir. Eyni halı gələcəkdə də təkrarlamağa çalışacam.
- Azərbaycana gəlişiniz necə alınıb və bura ilə bağlı şəxsi hədəfləriniz nələrdir?
- Menecerimin köməkliyi ilə bura gəldim. Təklif olundu və mən də "Zirə"də özümü yaxşı tərəfdən göstərə biləcəyimi düşündüm. Hazırda da hər şey qaydasındadır. Çalışacağam ki, daha da artırım və gələcəkdə daha yaxşı çıxış edim.
- Həmyerliniz Vinçestor Şadon da "Kəpəz"ə keçib. Onunla bağlı nə deyə bilərsiniz?
- Eyni ölkənin nümayəndəsiyik, hər ikimiz Trinidad və Tobaqodanıq. Təklifi qəbul edərək, elə Vinçesterlə birgə bura yollandım.
- "Zirə"nin heyətində artıq 3-cü oyuna çıxdın. Azərbaycana gəlməzdən əvvəl eşitdiklərinizlə burda gördükləriniz arasında nə kimi fərqlər var?
- Demək olar ki, kəskin fərq yoxdur. Gəlməmişdən əvvəl demişdilər ki, çox həyəcanlı çempionatdır. Burda gördüklərimə əsasən söyləyə bilərəm ki, dediklərində həqiqət var. Elə də fərq görmürəm.
- Vinçestor Şadon "Kəpəz"də istədiyi oyunu sərgiləyə bilmir. Ona görə pis olmursunuz?
- Bu, daha çox uyğunlaşma ilə bağlıdır. O, yaxşı futbolçudur. Düşünürəm ki, gələcəkdə Vinçester üçün hər şey daha yaxşı olacaq.
- İkinci hissənin ortalarından etibarən əsasən müdafiəyəmeylli futbolçular meydana daxil oldu. Məqsəd heç-heçə hesabını qorumaq idi?
- Bəli, bura xal götürmək üçün gəlmişdik. Son sözü məşqçi deyir. Onun da qərarlarına hörmətlə yanaşmaq lazımdır. Belə qərar veribsə, deməli, normaldır.