Topaz Premyer Liqasının 18-ci turunda səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edən "Qarabağ"ın futbolçusu Qara Qarayev oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, yarımmüdafiəçi öncə oyun haqda fikirlərini söyləyib:
- Çətin oyun alındı. "Sumqayıt” yaxşı komandadır. Bu rəqiblə səfərdə oynamaq asan deyil. Əlbəttə, qələbə qazanmağı arzulayırdıq. Belə atmosferdə oynamaq xoş oldu. Son zamanlar "Sumqayıt"ın ev oyunlarına azarkeş çox gəlir. Çalışdıq ki, nəticə qazanaq, amma düşünürəm ki, çempionluq yolunda bu nəticə bizim üçün itki olmaz. Əsas odur ki, xal qazandıq.
- Kubok matçında "Sumqayıt”a uduzdunuz. Həmin oyunla bu qarşılaşmada fərq var idi?
- Kubok görüşləri 2 matçdan ibarət olur. 2 oyuna əsasən, mərhələ adlamağa çalışırsan. Lakin burada aktivinə xal yazdırırsan. Fərqli oyunlardı. Bizim üçün pis oyun olmadı. İkinci hissədə daha yaxşı oyun sərgilədik.
- "Qarabağ” qış fasiləsindən sonra çox qol vura bilmir…
- Artıq komandalar müdafiə oluna bilir. Çempionatın əksər komandaları 5 müdafiəçi ilə çıxış edir. "Sumqayıt” da müdafiə olunanda 5 və daha çox oyunçu ilə müdafiəyə qapanır. Belə halda qol vurmaq çətin olur. Bu da normal haldı. "Sumqayıt”la görüşdə şans yaradıb qol vurmaq yaxşı haldır.
- Sabah "Neftçi” "Qəbələ”yə qalib gəlsə, çempionluq yolunda böyük addım atacağınızı demək olar?
- Siz deyən baş versə, fərq 1 xal da artacaq. Çalışacağıq ki, son tura qədər oynayaq. Çempionat hələ bitməyib. Özümüz üçün, milli üçün oynamalıyıq ki, yaxşı formada qalaq. Qarşıda bizi daha çətin oyunlar gözləyir.
- Bu gün Amil Yunanov yenə də "Qarabağ”a qol vurdu. Səncə, milliyə dəvət almağa layiqdir?
- Bu sual mənə deyil, millinin baş məşqçisi Qurban Qurbanova aiddi. O haqda nəsə deyə bilmərəm. Amil Yunanov pis futbolçu deyil, ancaq son qərarı yığmanın baş məşqçisi verir.