
"Çox çətin oyun keçdi. "Qəbələ" çempionatımızın ən güclü komandalarından biridi. Bu gün çox çalışdıq. Hesabda geri düşməyimizə baxmayaraq, əziyyətimizin bəhrəsini gördük və qələbə qazandıq". Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin yarımmüdafiəçisi Namiq Ələsgərov deyib.
Azərbaycan Premyer Liqasının XVIII turunda "Qəbələ" ilə səfərdə üz-üzə gələn bakılılar qələbə qazanmağa nail olublar - 2:1. Matçdan sonra brifinq keçirən Ələsgərov jurnalistlərin suallarını cavablandırıb.
- Zərbəniz qapı tirinə tuş gəldikdən 2-3 dəqiqə sonra qol buraxdınız. Həmin anda psixoloji sarsıntı keçirmədiniz?
- Əlbəttə ki, heyfsiləndim. Zərbəm qolla nəticələnsəydi, daha yaxşı olardı. Amma futbolda belə hallar olur. Top tirə də dəyə, tora da düşə bilər. Şükürlər olsun, yaxşı qurtardıq.
- Qış fasiləsindən sonra ən yaxşı oyununuzu keçirdiniz. Artıq əvvəlki formanızı bərpa edə bilmisiniz?
- Çalışacam ki, öz üzərimdə işləməkdə davam edim və daha da "artırım". Məqsədim start heyətində yerimi möhkəmləndirmək və komandama kömək etməkdi.
- Gələn mövsüm də "Neftçi"də qalacaqsınız, yoxsa "Jilina"dan təklif olsa, gedəcəksiniz?
- Bu barədə danışmaq istəmirəm. "Neftçi" ilə müqavilə müddətimi yeniləmişəm. Xaricə çıxmağı, yaxşı klublarda oynamağı hamı istəyir. Hələ bu mövsüm yaxşı nəticə qazanaq, Avropa Liqasına vəsiqə əldə edək, ondan sonrasına baxarıq.
- Millinin baş məşqçisi Qurban Qurbanov da tribunada idi...
- Bizim də arzumuz milliyə düşmək, yaxşı oyun göstərməkdi. Bunun üçün çalışırıq.
- Martdakı təlim-məşq toplanışına çağırılacağınızı gözləyirsiniz?
- Hər bir futbolçu kimi, mən də çağırılmağımı istəyərəm.
- "Qəbələ" həm də kubokun yarımfinalındakı rəqibinizdi. Bugünkü nəticəni sensasiya saymaq olar?
- Bunu sensasiya saymıram. Biz də "Neftçi"yik, hər komanda ilə başabaş mübarizə aparacaq gücdəyik.
- Kubok oyunları öncəsi özünüzə inam artdımı?