"İndiyəqədərki bütün görüşlərdə yaxşı oyun sərgiləmişik. Bu uşaqlar yaxşı potensiala malik olduqlarını göstəriblər".
Sportnet.az xəbər verir ki, bunu Kosovonun 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Rafet Prekazi Azərbaycan və Almaniya yığmaları ilə keçirəcəkləri Avropa çempionatının seçmə qrup matçları barədə danışarkən deyib. 59 yaşlı mütəxəssis qarşıdakı oyunlarda əllərindən gələnin ikiqat artığını nümayiş etdirəcəklərini bildirib.
O, azarkeşlərdən dəstək istəyib: "Biz anlamalıyıq ki, yeni komandayıq və istənilən rəqiblə oyunda favorit ola bilmərik. Lakin bacarığımızın 200 faizini ortaya qoymalıyıq. Rəqiblərimizin kim olduğunu çox yaxşı bilirik. Hələ seçmə mərhələnin əvvəllərində demişəm ki, Kosovo tikə olmayacaq və bu da sübuta yetirildi. İndi oyundan-oyuna daha bütöv oluruq. Komandamızdan 2 futbolçu əsas milliyə yollanıb ki, bu da bir uğurdur. Qarşıdakı iki oyunda futbolçularımızın bütün güclərini ortaya qoyacaqlarını gözləyirəm. Lakin onlara azarkeş dəstəyi lazımdır. Çünki yaxşı oynamaq istəyirlər".
Qeyd edək ki, Kosovo Azərbaycanı martın 22-də Bakı vaxtı ilə saat 22:00-da, Almaniyanı isə martın 27-də saat 20:45-də qəbul edəcək. Hər iki oyun Mitrovitsa şəhərindəki Adem Yaşari adına Olimpiya Stadionunda keçirəcək. Hazırda 5-ci qrupda 5 oyundan 12 xal yığan Almaniya liderdir. Kosovo 6 oyundan 7 xalla 5-ci, Azərbaycan isə 5 oyundan 1 xalla 6-cı pillədə qərarlaşıb.