Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayev yoldaşlıq oyununda Belarus yığmasına 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə oyun haqqında fikirlərini bölüşüb:
- Oyunu hələ analiz etməmişik. Necə oynadığımızı bilmirik. Bununla belə, düşünmürəm ki, pis oynadıq. Əksinə, yaxşı çıxış etdik. Qol fürsətləri yaratdıq. Rəqibin isə elə bir təhlükəli epizodu olmadı. Sadəcə, standart vəziyyətlər, boy amilləri var idi, uzun ötürmələr verirdilər. Bunlar təhlükə kimi görünsə də, əslində belə deyildi. Sadəcə, ilk yarıda düzgün oynamadığımız üçün bizə qol vurdular. Qolu onlar vurmadılar, öz mövqe səhvimizdən buraxdıq. İkinci hissəyə gəldikdə, rəqibin kimliyindən asılı olmayaraq, öz torpağımızda, doğma azarkeşlər önündə oynadığımızdan, məğlub olmamaq üçün irəli gedirdik. Rəqibin ikinci hissədə də bir epizodu oldu, lakin bu dəfə yararlana bilmədi. Düşünmürəm ki, bizə çətinlik yaratdılar. Bizim epizodlarımız daha çox oldu. Sadəcə, maksimum dərəcədə istifadə etmək lazım idi. Lakin yararlana bilmədik. Yəqin ki, oyun analiz ediləcək, baş məşqçi fikirlərini bildirəcək. Bundan sonra da millidə olub-olmayacağımız bilinmir. Milli komanda Azərbaycan xalqınındır, bura hamı dəvət ala bilər. Sadəcə, öz üzərimizdə çox işləməliyik. Şərt 90 dəqiqədə deyil. Gərək, oyundan əvvəl də özünü futbolçu kimi hiss edib, özünə diqqət edəsən.
- Qurban Qurbanov qarşılaşmanın ardından sizə hər hansı irad bildirmədi?
- Bunlar şəxsi məsələlərdir. Bu, şəxsi şeylərdir. Yaxşı oynasaq belə, 0:1 uduzmuşuq. Fikrini bildirəcək. Udanda belə iradlar bildirilir.
- İlk hissədə epizodların birində yüngül zədə aldın…
- Zədə deyildi. Mən Portuqaliyadan qayıdanda dizimdən zədəli idim. Çexiyaya da zədəli getmişdim. "Mlada Boleslav"ın baş məşqçisi də demişdi ki, yığmadan zədəli qayıdıb. Şükürlər olsun ki, bərpa etmişəm. Oyun epizodunda ayağımı tapdaladılar. İnsanıq, ağrı hiss edirik. Ciddi heç nə yoxdur. Allah bizi böyük zədələrdən qorusun.
- Antalyada millimizi Makedoniya ilə sınaq matçı gözləyir. Rəqibin heyəti Belarusla müqayisədə daha güclüdür…
- Makedoniya ilə sonuncu oyunda uduzmuşduq. Yoxlama matçı olsa da, məsuliyyətli oynayırıq. Sıradan görüş kimi yanaşmırıq. Bayrağımızın və gerbimizin olduğu formalarla meydana çıxırıqsa, məsuliyyət daşıyırıq. Bunu şablon sözlər kimi demirəm. Mən belə tərbiyə almışam. Makedoniya bizi səviyyə baxımdan bizi üstələyir. Amma meydanda "vuruşmaq” lazımdır. "Vuruşmaq” deyəndə dava-qırğını nəzərdə tutmuram. Məşqçinin tapşırıqlarını layiqincə yerinə yetirmək lazımdır. İkinci toplanışımızdır. Öz evimizdə uduzmaq yaxşı deyil. Hamı deyir ki, yoxlama oyunudur. Amma yenə də məğlub olmaq istəmirdik. İllər keçəndən adam bir futbolçu kimi karyerasına nəzər salanda statistikaya baxanda adam özündən utanır. Şərt o deyil ki, yoxlama görüşüdür. Var güclə oynamaq lazımdır.
Bir neçə məşqçi ilə çalışmısan. Qurban Qurbanovun digərlərindən fərqi nədir?
- Bu sualı çox veriblər. Açıqlamaq düzgün olmaz. Mən buna futbol diliylə cavab verməyəcəm. Həyat fəlsəfəsi ilə anlatmağa çalışacağam: Görün, tanrı yer üzündə nə qədər insan yaradıb. Onların nəinki xasiyyətlərini, heç barmaq izlərini belə oxşar yaratmayıb. Təbii ki, fərqli şeylər olacaq. Bu gün Qurban müəllim məndən fərqli şey tələb edir. Mən də onu etmək üçün çalışıram. Robert Prosineçki fərqli şeylər tələb edirdi. Onun da dediklərini edirdim. Üzərində çalışırdım. Elə şeylər var ki, onu bacarmıram, ən zəif yerimdir. Qurban müəllim də bunu görür və milliyə dəvət etmir. Elə şey var ki, onun üzərində çalışıb düzəldə bilirəm. Əvvəllər də olub ki, millidən yaxşı oyunçular kənarda qalıb. Mən də bilirəm ki, yaxşı olublar. Əsas odur ki, məşqçinin dediklərini yerinə yetirsinlər.
Təbriz QULİYEV