"Matça yaxşı başlamışdıq, pis oynamadıq. Qol imkanları da yaratmışdıq. Amma istifadə edə bilmədik. Rəqib isə əlinə düşən epizoddan yaxşı yararlandı. Fikrimcə, ən azı heç-heçə edə bilərdik. Qalib də gəlmək olardı".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan milli komandasının futbolçusu Namik Ələskərov evdə Belarus yığmasına 0:1 hesabı ilə uduzduqları yoldaşlıq görüşündən sonra keçirdiyi brifinqdə gedib. 23 yaşlı yarımmüdafiəçi jurnalistlərin digər suallarını da cavablandırıb...
- Necə düşünürsən, oyununuz baş məşqçi Qurban Qurbanovu razı saldımı?
- Pis oynadığımızı düşünmürəm. Düzdür, ən yaxşı formada da deyildik. Amma ümumi götürəndə normal idi. Yeni baş məşqçimiz var, tədricən daha yaxşı olacağını düşünürük.
- Bəzi epizodlarda azarkeşlər komandanı fitə basırdı...
- Hərənin öz fikri var. Azarkeşləri də başa düşmək olar. Biz də qol vurmaq istəyirik. Əlimizdən gələni etsək də, alınmadı.
- Zamanla uyğunlaşacağınızı dediniz. Amma nəzərə alsaq ki, qarşıdan Millətlər Liqası gəlir. Qarşıda isə bir neçə yoldaşlıq görüşü var. Sentyabradək hazır ola biləcəyinizi düşünürsən?
- Məqsədimiz Millətlər Liqasına hazırlaşmaqdır. Bu səbəbdən, yoldaşlıq görüşündəki nəticənin elə də böyük önəmi yox idi. Əlbəttə, qalib gəlmək istəyirdik. İnanıram ki, Millətlər Liqasına tam hazır olacağıq.
- Bu gün millidə debüt edən oyunçulardan daha çox kimin çıxışı xoşuna gəldi?
- Bu suala rəy bildirməyim düzgün olmazdı. Məncə, hamı yaxşı oynadı.
- Bir hissədə bir, ikinci hissədə digər cinahda oynadın. Səncə, hansında çıxışın ideala yaxın idi?
- Hər iki tərəfdə də oyunum tam istədiyim kimi alınmadı. Komandamıza daha çox xeyir vermək istəyirdim. Uduzmuşuqsa, deməli, yaxşı oynamamışıq, bəzi səhvlərə yol vermişik.
- Qurban Qurbanovun dönəmində millidə ilk dəfə oynadın. Komandadaxili ab-hava necə və baş məşqçinin təlimatları nədən ibarət idi?
- İndi ab-hava çox yaxşıdır. Qurban müəllim, əsasən, oyunçuların nizam-intizamına, yaxşı insan olmalarına daha çox önəm verir. Məşqlərdə də hamıdan əzmkarlıq tələb edir.
- Millətlər Liqasında komanda nəsə edə bilərmi?
- Hər bir komandadan nə isə gözləmək olar. Çox çətin olacaq. Amma biz də çalışırıq ki, Millətlər Liqasınadək tam hazır olaq və yer aldığımız qrupdan çıxaq. Bunun üçün əlimizdən gələni edəcəyik.
- Bu oyundan sonra Makedoniyaya böyük hesabla uduzacağınızdan ehtiyatlanmırsınız?
- Bir oyunda zəif çıxış etmişiksə, digər qarşılaşmalarda böyük hesabla uduzacağımızı demək düzgün olmaz. Hər oyunda əlimizdən gələni edirik. Növbəti görüşdə də daha yaxşı nəticə üçün bacarığımızı ortaya qoyacağıq.