1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Dişsiz oyun, yetişməyən qol
Futbol üzrə Azərbaycan milli komandası 2018-ci ildə ilk ev oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionundakı qarşılaşmada rəqib Belarus yığması olub. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0.
Bu, baş məşqçi Qurban Qurbanovun rəhbərliyi altında yığmanın ikinci matçı olub. Yanvarın 30-da Türkiyənin Antalya bölgəsində Moldova ilə keçirilmiş qarşılaşmanın start heyətində meydana çıxanlardan 5-i - Kamran Ağayev, Maksim Medvedev, Riçard Almeyda, Ruslan Abışov və Pavel Paşayev bu dəfə də ilk "11-lik"də yer alıb. Həmin heyətdən Abbas Hüseynov, Rahid Əmirquliyev, Əfran İsmayılov, Mahir Mədətov və Cavid Hüseynov bu dəfə ümumiyyətlə, toplanışa çağırılmayıb. Qara Qarayev isə ilk dəqiqələrdən ehtiyat oyunçular skamyasında oturublar.
Ümumiyyətlə, start heyətində 3 legionerdən cəmi 1-i - Ukrayna "Aleksandriya"sının müdafiəçisi Pavel Paşayev yer alıb. Yerli futbolçulardan isə 3-ü "Qarabağ"ı, hərəyə 2-si "Sumqayıt" və "Neftçi"ni, hərəyə 1-i "Qəbələ", "Keşlə" və "Kəpəz"i təmsil edib. Kapitan sarğısını isə Kamran Ağayev daşıyıb. Baş məşqçi toplanışa cəlb etdiyi 24 futbolçudan 2-ni - "Qarabağ"ın müdafiəçisi Elvin Yunuszadə və Kipr "Anortosis"inin yarımmüdafiəçisi Araz Abdullayevi iştirak ərizəsinə daxil etməyib.
Novruz bayramı tətilinə təsadüf etdiyindən, görüşü xeyli az - 10 minədək tamaşaçı izləyib. Komandaları isə meydana əllərində səməni tutan qızlar çıxarıblar.
Qarşılaşmadan əvvəl martın 17-də dünyasını dəyişmiş AFFA Məşqçilər Komitəsinin üzvü Böyükağa Hacıyevin xatirəsi 1 dəqiqəlik sükutla anılıb.
Azərbaycan millisi oyuna 4 müdafiəçi, 3 yarımmüdafiəçi və 3 hücumçu ilə çıxıb. Qapıçı Kamran Ağayevin önündə Maksim Medvedevlə Ruslan Abışov mərkəz, debütant Şəhriyar Rəhimov sol, Pavel Paşayev sağ cinah müdafiəçisi qismində yer alıb. Coşqun Diniyevlə Riçard Almeyda yarımmüdafiənin mərkəzində, Cavid İmamverdiyev onların qarşısında çıxış edib. Namik Ələskərov hücumun sol, Ruslan Qurbanov sağ, daha bir debütant Amil Yunanov isə sivri ucunda qərar tutub.
İlk yarıda daha fəal görünən meydan sahibləri qapıya 4, qonaqlar 3 zərbə endirib. Onlardan qapı çərçivəsinə cəmi 3-ü gedib. Bunların 2-dən Azərbaycan millisi yararlana bilməyibsə, yeganə belə şans Belarusun hesabı açması ilə nəticələnib. 41-ci dəqiqədə İqor Staseviçin zərbəsindən sonra Kamran Ağayevin müdaxiləsinə baxmayaraq, top Maksim Medvedevə dəyərək, tora daxil olub. Millinin hücumları zamanı tələskənlik sonda fərqlənməyə imkan verməyib.
İkinci hissəyə Qurbanov 2 əvəzləmə ilə başlayıb. Amil Yunanovu Tural Axundov, Pavel Paşayevi Dmitri Nazarov əvəzləyib. 66-cı dəqiqədə Coşqun Diniyev yerini Qara Qarayevə, Cavid İmamverdiyev Emin Mahmudova verib. Lakin ilk yarı ilə müqayisədə ikinci hissə daha aşağı tempdə keçib. Hərçənd, bu bölümdə də ərazi üstünlüyü meydan sahiblərinin tərəfində olub. Ən kəsərli hücum isə qonaqların ifasında qeydə alınıb. Lakin həmin epizodda Kamran Ağayev təkbətəkdən komandasını xilas edib.
Beləliklə, Azərbaycan millisi Qurban Qurbanovun rəhbərliyi altında ikinci matçını da qolsuz tamamlayıb. Bu, həm də Qurbanovun millinin sükanı arxasında birinci məğlubiyyəti olub. İlk yoldaşlıq görüşündə isə Moldovanı yenmək mümkün olmayıb - 0:0. Belarusla əvvəlki 2 yoldaşlıq görüşü 1 qələbə, 1 heç-heçə ilə yekunlaşmışdısa, bu dəfə məğlubiyyət baş verib. Özü də doğma azarkeşlər önündə...