Sportnet.az AFFA yanında Media Komitəsinin qalib elan etdiyi "Azərbaycan futbolu ilə bağlı bütün sahələrdə yaşanan problemlərin araşdırılması və mümkün həlli yollarının göstərilməsi” layihəsinin icrasını davam etdirir. Yeddinci yazımız üçün belə bir başlıq seçmişik: Xarizma böhranı və tükənən futbolçu nəsli.
Texnologiyaların inkişafı insanların formalaşmasını fərqli istiqamətə daşımaqdadır. Bu yolun uğura, yoxsa uçuruma aparacağını zaman göstərəcək. Reallıq budur ki, qloballaşan dünyada Adəm övladının düşüncə və davranış tərzi sürətlə dəyişməkdədir. Xüsusən də internetin icadı yeni üfüqlər açmaqdadır.
Maradona poeziyadır, Messi - nəsr
Tərəqqinin fonunda diqqət çəkən biri məqam var – xarizmatik xarakterə malik insanların sayı azalmaqdadır. Bunu günümüzün futbolçularının timsalında da aydın görməkdəyik. Hətta "yadplanetli” hesab etdiyimiz Lionel Messinin belə, bu keyfiyyətə sahib olmadığı tez-tez vurğulanmaqdadır.
Ən son 31 yaşlı forvardın həmyerlisi, Argentina millisinin sabiq hücumçusu Qabriel Batistuta bu məqama toxunub. O, Maradona ilə Messini müqayisə edərkən, Dieqonun daha yaxşı olduğunu söyləyib: "Maradona Argentinanın simvolu idi. Özü də tək futbolda deyil. O, xarizmaya, istedada və nadir fantaziyaya malikdir. Messi daha yaxşı texnikaya sahib olsa belə, onu keçə bilməz. Lioneldə Maradonanın xarizması yoxdur. Dieqo stadionu idarə edə bilirdi, hər kəs ona baxırdı. Onunla birgə oynamışam və Maradonanın komanda üçün önəminin nə dərəcədə həlledici olduğunu söyləyə bilərəm. Maradona poeziyadır, Messi - nəsr. Lionel hər saat məşq etsə belə, həmin səviyyəyə çata bilməz. Yaxın keçmişdə Messi ilə bağlı tərəddüdlər vardı, lakin indi ideal texnikaya sahibdir və qollar vurur. Amma o, mənim üçün Dieqo deyil və yəqin ki, heç vaxt da olmayacaq”.
Gənclərin yeni vərdişləri - mahiyyətini itirən futbol
Lionel Messi kimi futbolçu xarizması olmadığına görə qınanırsa, yeni nəsil oyunçularla bağlı sıxıntılar daha fərqli yön alıb. "Milan”ın baş məşqçisi Cennaro Qattuzo deyir ki, top qovduğu dönəmlərdə uduzan zaman həmişə sarsılıb, məyus olurmuş: "İndi isə futbolçular uduzandan sonra selfi edib, şəkillərini internetdə yerləşdirirlər. Bu, məni məhv edir”.
"Mançester Yunayted”in yarımmüdafiəçisi Xuan Matanın nəzərini isə başqa məqam çəkib. O, gənclərin futbolun özü ilə deyil, ətrafı ilə daha çox maraqlandıqlarını vurğulayır: "İndiki uşaqlar təəccübümə səbəb olur. Məni görəndə butslarımla, saçımı niyə boyamadığımla maraqlanırlar. Görəsən, niyə kross, topa nəzarət, zərbə endirərkən bədənimin aldığı poza ilə bağlı danışmırlar? Əvvəllər uşaqlar top istəyərdilər, indi isə əsas dərdləri buts və formadır. Halbuki, topları yoxdur və o qədər də çox futbol oynamırlar. Ancaq bu məsələni heç dərd etmirlər. Çünki butslarını və formalarını nümayiş etdirə bilirlər - onlar üçün önəmli olan budur, başqa şeyə ehtiyac yoxdur. Futbol mahiyyətini itirir”.
Virtuallığın kölgədə qoyduğu reallıq
Müasir futbolda ən böyük problemlərdən biri komanda yoldaşları arasında ünsiyyətin yox dərəcəsində olmasıdır. Bunu təlim-məşq toplanışlarında daha rahat sezmək olur. Oyunçular məşqdən qayıdan kimi otaqlarına qapanıb, telefon və ya planşetdən yapışırılar. Onların əksəriyyətini bir də yemək zamanı birgə masa arxasında görmək mümkündür. Qalan vaxt hərə öz virtual dünyasına dalır, internet üzərindən başqa tanıdıqları ilə yazışıb, danışır.
"Keşlə”nin futbolçusu Slavik Alxasov deyir ki, baş məşqçi Yuri Maksimov oyunçuların boş vaxtlarında tək-tək gəzməmələrini, bir yerdə olmalarını, çay içib, danışmalarını istəyir. Gəl ki, indiki dövrdə tanınmış futolçular belə, ən yaxşı halda "Play Station” oynayanda bir araya gəlirlər. Əlbəttə, istisnalar da var. Lakin hazırda komanda yoldaşlarının dostluq etməsinə az rast gəlinir.
Təsəvvür edin, Maykl Essyen "Real Madrid”də çıxış edən zaman 30 illik yubileyinə bütün komanda yoldaşlarını dəvət etsə də, onlardan cəmi ikisi – Luka Modriç və Rikardu Karvalyu gəlmişdi. Həmin dönəmdə komandanın baş məşqçisi olan və gecədə iştirak edən Joze Mourinyo bu olaydan çox məyus olmuş və "Yəqin hamısının daha vacib işləri var” söyləyərək, Essyenə təsəlli vermişdi...
Xarizmatik futbolçu nəslinin son nümunələri
Azərbaycanda "Rəşad Sadıqov karyerasını niyə bitirmir” sualı dəfələrlə səsləndiyi bir vaxtda, Canluici Buffon 40 yaşında İtaliya yığmasına qayıdır. Dönüşünü də belə izah edir: "Düşünürəm ki, hamı vəziyyəti anladı və mənim yığmada hansı rolu oynayacağımı başa düşdülər. Şadam ki, bu xəbər müsbət oldu. Karyeram ərzində şəxsi hədəflərimdən komandanın xeyri üçün imtina etmişəm. İndi 40 yaşım olsa da, "Yuvnetus”da hələ də bir nömrəyəm. İtaliya yığması və "Yuventus”da qarşıdakı matçların mənim üçün sonuncu olacağını bilmirəm. İndi çox sakitəm”.
Azərbaycan millisinin Belarusa 0:1 hesabı ilə uduzduğu yoldaşlıq matçından sonra baş məşqçi Qurban Qurbanov dedi ki, lazım gəlsə, Sadıqovu yığmaya qaytaracaq...
Bu həssas mövzuda bir məqamı göz önünə almaq gərəkdir: Azərbaycan millisinin "Qarabağ”ın 36 yaşlı müdafiəçisi, eyni zamanda U-21 yığmasının baş məşqçisinə bir oyunçu kimi ehtiyac duyması onun problemi deyil. Sadıqov ölkədə onu layiqincə əvəz edə biləcək bir mərkəz müdafiəçisinin yetişməməsinə görə məsuliyyət də daşımır. Hərçənd, Rəşad heç vaxt məsuliyyətdən qaçmayıb və hər zaman ən ağır yükün altına çiynini verib. O, həm də yazının əvvəlində bəhs etdiyimi xarizmatik futbolçu nəslinin son nümunələrindəndir.
Sadıqov kimi istedadlı futbolçu, eyni zamanda böyük şəxsiyyətlərin gedişindən sonra yaranan boşluğun doldurulmaması sıxıntısı tək bizdə yaşanmır. Götürək elə Rusiya yığmasını: Stanislav Çerçesovun rəhbərlik etdiyi kollektivin martın 23-də Braziliya millisinə 0:3 hesablı məğlubiyyətindən sonra ölkədə Rəşadla yaşıd olan Aleksey və Vasili Berezutsi qardaşlarının, eləcə də iyulun 14-də 39 (!) yaşı tamamlanacaq Sergey İqnaşeviçin yığmaya dönüşü müzakirə olunmaqdadır. Halbuki onlar milli karyeralarını 2016-cı ildə başa vurublar...
Yeri gəlmişkən, bu "üçlüy”ün müdafiəsində yer aldığı Moskva MOİK-i Avropa Liqasında 1/4 finala vəsiqə qazanıb. Onların nə dərəcədə əhəmiyyətli olduqlarını isə Leonid Slutskinin dilindən eşidək: "Ötən il xoş olmayan insident baş vermişdi. Azarkeşlər üzərində "Segey, Vasili, Aleksey, sağ olun – xudahafiz” yazılan banner asmışdılar. Nəinki MOİK, eləcə də Rusiya yığmasının azarkeşləri bu cür futbolçulara malik olduqları üçün özlərini xoşbəxt saymalıdırlar. Berezutski qardaşları, İqnaşeviç və Akinfeyev uzun illərdir komandaya xidmət edirlər, lazımı atmosferin yaradılmasında önəmli rol oyamaqla yanaşı, yeni nəsilin yetişməsində köməklik göstərirlər. Necə ki sarsılmaz ruhun və ustalığın bu cür canlı nümunələri var, komandanı işıqlı gələcəyin gözlədiyindən əminəm. Biz bu insanları qiymətləndirməli və onlarla eyni dövrdə yaşadığımız üçün fəxr etməliyik. Onlar Rusiya futbolunda möcüzələr edirlər”.
Slutskinin sözlərini rahatlıqla Sadıqova da şamil etmək olar. Rəşad Azərbaycan futbolu üçün bir dəyərdir. Yığmaya qayıdıb-qayıtmayacağından asılı olmayaraq, onun ölkə futbolu üçün daha böyük xidmətləri hələ qabaqdadır.
Bir ilə yetişən futbolçu sayı: 24 nəfər!
Xarizmaya malik futbolçu nəslinin kəsilmək üzrə olması bir yana, hazırda peşəkar oyunçuların yetişməsində də böhran müşahidə olunmaqdadır. Düzdür, AFFA futbolun kütləviliyini təmin etmək üçün müxtəlif layihələr həyata keçirir, Premyer Liqa, əvəzedicilər, I Divizion, Gənclər Liqası, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11, U-10 liqaları, Region Liqası kimi yarışlar təşkil edir. Lakin üst səviyyədə çıxış edə biləcək oyunçuların üzə çıxmasında sıxıntı yaşanır. Bunu milli assosiasiyanın sonucu Hesabatından da görmək mümkündür.
Məsələn, 2016/2017 mövsümündə U-12 liqasında 1884 oyunçu çıxış edib. Onlardan 1070 (56,80 %) nəfəri oynamağa davam edir. 814 (43,20 %) nəfər isə futbolla vidalaşıb. Gənclər Liqasında isə 2016/2017 mövsümündə çıxış edən futbolçu sayı 339 nəfər olub. Onların 194-ü (57,20 %) karyerasını başa vurub. Bu, o deməkdir ki, futbolla məşğul olanların hamısı bu sahədə qalmırlar. Onların əksəriyyəti gənclər kollektivindən peşəkar komandaya keçən zaman "minaya düşürlər”.
İllərdir futbol ictimaiyyəti Premyer Liqada klub sayının artırılmasının vacibliyini qeyd edir. Həqiqətən də 8 komandanın mübarizə apardığı çempionat əvvəlki qədər maraqlı deyil. Ancaq deyək ki, komanda sayı 10 və ya 12-yə çatdırıldı. Bəs, bu kollektivlər elita səviyyəsində çıxış edəcək yerli futbolçuları haradan tapacaqlar? Hələ indi – 8 komandalı yarışda iştirak edən komandanın baş məşqçiləri oyunçu tapa bilmədikləri üçün gileylənirlər. Klub sayı artsa, necə olacaq?
2017/2018 mövsümünün əvvəlində peşəkar liqalarda (Premyer Liqa, əvəzedicilər) 600 futbolçu qeydiyyatdan keçib. Onlardan cəmi 39-u (6,5 faizi) yeni futbolçudur. Üstəlik, əksəriyyəti əcnəbidir.
Yayda Premyer Liqada yeni mövsüm üçün 190 futbolçu sifariş olunub. Onlardan 132-si ötən mövsüm də elitada çıxış etdiyi halda, 12-si əvəzedici heyətdən,12-si I Diviziondan gəlib. Əvvəlki mövsüm xaricdə oynayan futbolçu sayı 4 nəfərdir. Azərbaycanda peşəkar futbolçu qismində qeydiyyatdan keçən yeni oyunçuların hamısı - 30 nəfəri legionerdir.
Rəqəmlər deyir ki, bir il ərzində Azərbaycanda Premyer Liqa klubuna düşməyi bacaran cəmi 24 nəfər yetişib. Onların da hazırda komandalarının əsas heyət üzvi olmaları çətin məsələdir...
Şamo QULİYEV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir