"Kalyari"yə ağır məğlubiyyətdən sonra toparlanıb Avropa Liqasında qalib gələrək liderliyi davam etdirdik. Bu qələbəyə görə futbolçularıma minnətdaram". Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"la matçdan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Valter Matsari deyib.
Qələbəyə görə çox sevinən təcrübəli mütəxəssis oyunun çətin keçdiyini qeyd edib: "Uşaqlar sağ olsunlar, ağır "Kalyari" məğlubiyyətini unudub qalib gəldilər. İki oyuna maksimum xal toplamaq sevindiricidir. Çətin oyun idi, nəzərə alaq ki, Avropa Liqasında ilk ev oyunumuzu keçirirdik. Komanda verilən tapşırığın öhdəsindən gəldi. Hərçənd baxımlı oyun alınmadı. Xüsusən ilk hissənin maraqlı keçdiyini deyə bilərəm".
Zədəlilərin çoxluğundan gileylənən Matsari bu sarıdan bəxtlərinin gətirmədiyini də vurğulayıb: "Artıq ardıcıl 6 oyundur ki, bol enerji sərf edirik, bununla yanaşı, oyunçularımızı da itiririk. Hər oyunda demək olar ki, kimsə zədə alır. Buna görə çox narahatam. Rodriqo Palasio və Pablo Osvaldonu ehtiyatda saxlamağım da bundan irəli gəlirdi. Çünki oyuna 100 fazi hazır deyildilər və mən də riskə getmək istəmədim. Ernaneslə İkardinin zədəsinə gəlincə, hələlik dəqiq diaqnoz yoxdur".