AFFA Klublar Komitəsinin sədri Kamran Quliyev komitənin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Sportnet.az-ın məlumatına görə, o, öncə baş tutan iclasda müzakirə olunan məsələrə toxunub:
- Çox maraqlı və faydalı iclas oldu. Baş katib Elxan Məmmədov da dəvətli idi. Uşaq Gənclər Liqasının şöbə müdiri Yusif müəllim də iştirak edirdi. Məsələlər klubların əsas komandaları ilə bağlıdır. AFFA ilə klublar arasında olan münasibət məsələləri idi. Gənclər liqaları ilə bağlı suallar da oldu. Bir neçə iclas bundan öncə AFFA-ya müraciət etmişdik ki, Avropada belə bir təcrübə var. Böyük bir şirkətlə müqavilə bağlanılır və o şirkət çempionatı toplarla təmin edir. AFFA bu gün bizə məlumat verdi ki, danışıqlar başa çatıb və qərara aldıq ki, "NİKE" şirkəti ilə AFFA-nın əməkdaşlığı olsun. Bütün komandalara NİKE toplarından pulsuz paylanılacaq. Əlavə istəyənlər olsa, sərfəli şərtlərlə əlavə toplar verilə bilər. Bu yaxşı bir haldır. AFFA-dan klublara olan dəstəkdir. Eyni zamanda, dünyanın nəhəng şirkətlərindən hesab olunan "InStad" ilə AFFA əməkdaşlıq müqaviləsi imzalayıb. Hər kluba statistika və skaut məlumatları veriləcək. Bütün məlumatlar artıq "InStad" şirkətindən göndəriləcək. Onlarla dostluq münasibətləri qurulacaq. Bu əməkdaşlıq çərçivəsində baş tutacaq. Hər klub təxminən 5 mindən 25 minə qədər pul xərcləyib. Klublar ortalama bir il ərzində 13-14 min qənaət edəcək. Bu isə AFFA-nın dəstəyi ilə olacaq. Bu çox yaxşı bir haldır.
- Çempionat oyunlarının yayımı ilə bağlı məsələ müzakirə olundu?
- Bəli. Başqa bir məsələ isə növbəti mövsüm CBC Sport kanalının yayımı ilə bağlı idi. Oyunlar müxtəlif vaxtlarda keçirilir. Əsas narazılıq ondan ibarətdir ki, həftə içi də oyunlar olur. Bu isə iş günlərinə təsadüf edir. Həmin günlərdə oyunların keçirilmə vaxtına azarkeşlərin maraqlarına görə qərar verməliyik. Oyunlar saat 3-də, 4-də keçirilə bilməz. Çünki azarkeşlərin stadionlarda olması bizim üçün vacibdir. Ona görə də bu məsələ CBC Sport kanalının rəhbərliyi ilə müzakirə olunacaq. Bu isə növbəti mövsümə aid ola bilər.
- Uşaq Liqaları ilə bağlı məsələ də gündəliyinizdə idi. Bu məsələyə dair mövqeyiniz necə oldu?
- Mövqeyimiz belədir ki, bir neçə liqanı eyni gündə keçirmək olar. Bu, klubların vəsaitinə qənaət yoludur. Bununla bağlı AFFA-ya müraciət etdik ki, U-15 və U-17 liqalarının keçirilmə tarixləri eyni olsun. Bu, eksperiment olacaq. Yaxşı nəticə versə, növbəti mövsümdən digər liqalar da birləşə bilər. Texniki məsələlərə baxılacaq və təqvim şəklində klublara göndəriləcək. Yayda isə texniki məsələlər yekunlaşacaq. Bizdə Gənclər Liqasıda fəaliyyət göstərir. Bu çempionatın qalibi Avropada UEFA Gənclər Liqasında ölkəmizi təmsil edir. Belə bir fikir səsləndi ki, Gənclər Liqasını gücləndirmək lazımdır. Gücləndirmək o halda ola bilər ki, yaşda bir az böyük olan futbolçular iştirak ərizəsinə salınsın. Ona imkan yaradılsın. Hazırda çempionatda da limit məsələsi var. Yaş limiti nəzərə alınmalıdır. Təklif oldu ki, Gənclər Liqasının yaş limitində dəyişikliklər olsun və güclənsin. Bu da əvəzedicilər çempionatının keçirilmə məsələsini sual altına alır. Bunu müzakirə etmək çox tezdir. Sadəcə, müzakirəyə çıxarılıb. Hazırda klublar arasında danışıqlar gedəcək. Məqsədimiz Gənclər Liqasını gücləndirməkdir. Gənclər Liqası ölkəmizi Avropada təmsil etmək üçün bir yoldur. Ona görə də klublar bununla bağlı çox narahatdır. Bu liqada rəqabət güclü deyil. Çempionatın səviyyəsi yaxşı deyil. Buna Avropadakı nəticələri sübut olaraq göstərmək olar.
- Növbəti mövsüm Premyer Liqada hansı limiti təklif edirsiniz?
- Bu məsələ ilə əlaqədar da müzakirələr getdi. Klubların təkliflərini dinlədik. Biz qərar verən orqan deyilik. Fikirləşdik ki, gələn mövsüm də bu limitlə davam edək. Bu, sadəcə bizim fikrimizdir. Bizdən soruşulub, biz də o barədə cavab verdik ki, qarşıdakı mövsümdə də bu limitlə davam edək. Belə fikirlər də səslənir ki, gələn mövsüm artıq 1998 və 1999-cu illərdə doğulmuş futbolçular limitə düşsün. Klublar o fikirdədir ki, indiki limitlə davam edək. Bu da təbii ki, tövsiyə olacaq. İcraiyyə Komitəsinin qərarı necə olacaq, biz bilmirik. Biz bunu ancaq tövsiyyə edə bilərik.
- Aşağı yaş qruplarında final mərhələsinə vəsiqə qazanmayan komandaların futbolçularının digər klublara icarəyə verilməsinin mümkünlüyü məsələsi də gündəlikdə idi...
- Hər şeyi qüvvədə saxladıq. Biz hesab edirik ki, hər hansı istedadlı futbolçunun komandası mübarizəni dayandırıbsa, o uşaq final mərhələsində başqa komandada icarə əsasında çıxış edə bilirsə, oynasın. O yaşla nəticə bizim üçün o qədər də önəmli deyil. Əsas məsələ o uşağın nə vaxtsa milli komandalar səviyyəsinə çıxmasıdır. Oyunun nəticəsi o qədər də vacib deyil. Həmin istedadlı uşağın mart-aprel aylarından sonra oyunlara çıxmaması onun ziyanınadır. Ona görə də bu məsələnin olduğu kimi qalmasına qərar verdik. I Divizion və Əvəzedicilərin birləşməsi ilə bağlı konkret fikir yoxdur. Bəzi klublar bunun əleyhinədir. Bəziləri məntiqli şəkildə "yox" deyir. Daha ətraflı şəkildə klub rəhbərləri məlumat verə bilər. Çünki müxtəlif fikirlər səslənib.
- Gündəlikdə digər məsələlər bölümü də var idi...
- Əsas məsələ vizaların alınması ilə bağlı idi. Bununla əlaqədar AFFA-ya müraciət olunub ki, Çempionlar Liqasına və ya Avropa Liqasına vəsiqə qazanmış komandaların rəqibləri bəlli olandan sonra viza problemləri ilə üzləşir. Püşkatmadan 1-2 həftə sonra oyunlar baş tutur. Ona görə də AFFA-ya müraciət olunub. Baş katib də bu iclasda idi. AFFA klublara dəstək olacağına razılıq verdi. Vizanın alınması ilə bağlı hər hansı problem olarsa, klublar AFFA-ya müraciət etsinlər. Qurum isə əməkdaşlıq etdiyi səfirliklərlə bu məsələ ilə bağlı kömək etməyə çalışacaq. Bu iclas digər iclaslara nisbətən maraqlı keçdi. Toplantı çox uzun çəksə də, bir çox məsələlər müzakirə olundu. Onu da nəzərə alaq ki, mayda AFFA İcraiyyə Komitəsinin iclası da olacaq. Bütün təkliflər və tövsiyələr komitəyə təqdim olunub.
- Əvəzedicilərin çempionatı ilə I Divizionun birləşməsini necə dəyərləndirirsiniz?
- "Neftçi" klubu olaraq, buna etirazımız yoxdur. Halbuki, belə qərarlar səs çoxluğu ilə qəbul olunur. Bizim üçün problem deyildi. Bir məqam var. Razıyıq ki, I Divizionda problemlər çoxdur. Bunu siz də yaxşı bilirsiniz. Həmin problemlərlə bağlı AFFA da narazıdır. Mətbuatda da bu barədə məlumatlar dərc olunur. Böyük tarixi olan klubun həmin problemlərin tərkib hissəsi olması yaxşı hal olmaz. Ona görə bizim üçün də risklidir. O fikirlə biz də razıyıq. Uşaqların özlərindən yuxarı yaşlı futbolçularla oynaması yaxşı haldır. Amma digər məqamlar da var.
- Bu məsələ hələ ki, dondurulub?
- Bəli. Bir neçə klub bunu dəstəkləmədi. Ona görə də inanmıram ki, yaxın iclaslarda biz yenə bu məsələyə qayıdaq. Hələlik irəliləyiş yoxdur.