
Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin rəqibi olmuş "Partizan" ciddi cəzaya məruz qalıb. Sportnet.az-ın məlumatına görə, Serbiya klubu pul cəriməsindən başqa, azarkeş dəstəyindən də məhrum edilib.
Buna səbəb dünyada məşhur çılğın serb fanatların irqçiliklə bağlı şüarlar səsləndirməsi olub. Belə ki, sentybarın 18-də - Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində "Tottenhem"lə Belqradda baş tutmuş oyunda meydan sahiblərinin azarkeşləri stadionda "rasizm"lə bağlı pankart asıblar. Hadisəyə hüquqi qiymət verən UEFA-nın İntizam Komitəsi "Partızan"ı 40 min avro cərmiləyib. Klub bununla yanaşı, qrup mərhələsinin növbəti - 3-cü turunda qarşılaşacağı "Beşiktaş"la matçda da azarkeşsiz qalacaq.
Qeyd edək ki, pley-off mərhələsində Serbiyada "Neftçi"yə 3:2 hesabı ilə qalib gələn "Partizan" Bakıdakı cavab oyununda da sevinən tərəf olmuşdu - 1:2.













































































