"Məni hazırlıq prosesinə dəvət etdiyi üçün Rəşad Sadıqova minnətdaram. Təlim-məşq toplanışımız yaxşı keçdi. Hər şey normal idi. Çoxdandır uşaqlarla görüşmürdüm".
Sportnet.az-ın məlumatına görə, bunu Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət milli komandasının üzvü Ziya Əzizov Bakıdakı toplanışı dəyərləndirərkən deyib. Gənc yarımmüdafiəçi Makedoniyaya bugünkü oyunda 0:1 hesablı məğlubiyyəti qol imkanlarını qaçırmaları ilə əlaqələndirib: "Rəqib bizdən güclü deyildi. Sadəcə, təəssüf ki, qol fürsətlərindən yararlanmağı bacarmadıq. İkinci hissədə ötürmələrlə çıxış edirdik, oyunumuz yaxşı alınırdı. Birinci hissədə oyuna nəzarəti itirmişdiksə, fasilədən sonra bunu aradan qaldırdıq. Lakin bərabərlik qolunu vura bilmədik. Futbolda hər şey mümkündür".
Millinin toplanışlarında özünü yaxşı tərəfdən göstərməyə çalışdığını deyən 20 yaşlı oyunçu özünü gündən-günə yaxşı hiss etdiyini vurğulayıb.
2016-cı ildən Hollandiyanın "Den Boş" klubunda çıxış edən Əzizov növbəti mövsümə harada başlayacağını hələ müəyyənləşdirmədiyini açıqlayıb. O, məsələ ilə menecerlərin məşğul olduqlarını diqqətə çatdırıb: "Klubumda hazırkı vəziyyətimdən razıyam. Hollandiya çempionatının səviyyəsi normal olsa da, daha yüksək səviyyədə çıxış etmək istəyirəm. Bunu gəncliyimlə əlaqələndirmək olmaz. Hazırda müxtəlif klublar və məşqçilər oyunumu izləyirlər. Ötən mövsüm PSV və "Feyenoord" kimi komandaların mənimlə maraqlandığını yazırdılar. Deməzdim ki, bu söhbətlər artıq aradan qalxıb. Amma belə məsələlərə menecerlər baxır".