"Keşlə” komandasının Azərbaycan Kubokunun finalında "Qəbələ”ni 1:0 hesabı ilə məğlub etməsi "Zirə”nin yay hazırlıq planına təsir edəcək.
Bu barədə Sportnet.az-a qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov məlumat verib. O, bildirib ki, Premyer Liqanın 4-cüsü kimi Avropa Liqasına vəsiqə əldə edə bilmədikləri üçün təlim-məşq toplanışına bir qədər gec başlayacaqlar: "Planlarımızı Azərbaycan Kubokunun finalında qeyd alınacaq nəticəyə uyğun qurmaq istəyirdik. Çünki "Qəbələ” "Keşlə”yə qalib gələcəyi təqdirdə, Avropa Liqasına vəsiqə qazancaqdıq. Belə olacağı halda, toplanışa daha tez başlamalı və transferlər etməliydik. Amma qismət, bu il kənarda qaldıq. Bundan sonra çempionata hazırlaşacağıq. Yavaş-yavaş planlar üzərində işləyirik. Legionerlərimizin 70-80 faizinin müqaviləsi bitir. Hələlik tələsməyəcəyik. Rəhbərliklə görüşəcəyəm. Tədricən kimin qalıb, kimin gedəcəyi bəlli olacaq. Mövsümü dəyərləndiririk. Buna uyğun qərar verəcəyik”.
Abbasov Azərbaycanın U-20 yığmasının Makedoniya millisinə 0:1 hesabı ilə uduzmasına da aydınlıq gətirib: "Çalışırıq ki, U-19, U-20 və U-21 yığmalarımızın oyunlarını izləyək. Çempionatdakı limitə görə gənc yerli futbolçuları nəzarətdə saxlamaq vacibdir. Bəlkə, kimsə diqqətimizi cəlb edər. Digər tərəfdən, fərqi yoxdur, Azərbaycanın istər, istərsə də aşağı yaş qrupları üzrə millilərinə dəstək verməyi lazım bilirəm”.