1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
"Vaxtilə "Olimpiya" bizim üçün keçilməz idi" - MÜSAHİBƏ
"Zirə" futbol komandasının baş məşqçisi Ayxan Abbasov "Report"un suallarını cavablandırıb.
Sportnet.az həmin müsahibəni təqdim edir:
- Belarusun paytaxtı Minskdə məşqçilik kursunda iştirak edərkən, kimlərlə görüşdünüz?
- Bu, Pro kateqoriyalı kursun növbəti modullarından biri idi. Orada "Səbail"in baş məşqçisi Aftandil Hacıyevlə birgə idim. Kursa bizə həmişə dərs keçən müəllim rəhbərlik edirdi. Belarus Premyer Liqasında çalışan baş məşqçilər də bizimlə birgə həmin kursda iştirak edirdilər. BATE klubunun yeni baş məşqçisi Aleksey Baqa da orada idi. O da bizimlə birgə təhsil alır. 3 gün kursda iştirak etdik. Dərslərimiz həmişəki kimi davam edir.
- Minskdə II Avropa Oyunları üçün yenidən qurulan "Dinamo" stadionu istifadəyə verildi. Orada oldunuzmu və ümumiyyətlə, Belarusda futbol infrastrukturu hansı səviyyədədir?
- Xeyr, "Dinamo" stadionuna baş çəkə bilmədik. Lakin Belarus telekanalları həmin stadiondan danışırdı. Arenanın açılışını da göstərdilər. Stadion yaxşı vəziyyətdədir. Açılışdan sonra orada atletika yarışı da keçirildi. Bizim çox vaxtımız olmadı, çünki kursda dərslər səhərdən axşamadək davam edirdi. Belaruslu həmkarlarımız da stadionların durumundan çox şikayətlənirlər. Onlarda da süni ot örtüklü meydanlar çoxluq təşkil edir. Təbii ot örtüyünə keçmək istəyirlər. Biz "Dom Futbola" adlanan ərazidə olurduq. Belarus Futbol Federasiyaları Assosiasiyasının fəaliyyət göstərdiyi həmin binanın yanında "Minsk" klubunun bazası da var. Orada 6-7 təbii ot örtüklü meydança mövcuddur. Bu, mənim diqqətimdən yayınmadı. Rusiyanın I Divizion klubları orada təlim-məşq toplanışı keçirdilər. "Minsk" Futbol Akademiyasında 4 meydan var ki, onlardan 1-i təbii, 3-ü süni örtüklüdür. Onlar yaxşı stadionlar hazırlamaq istəyirlər. Biz bu cəhətdən daha irəlidə olsaq da, Belarusda bu işlərə təzə başladıqlarını və bizdən arxada qaldıqlarını vurğulayırlar.
- Sanki "Zirə" Avropa Liqasına vəsiqə qazana bilmədiyi üçün komandada ab-hava aşağı səviyyədədir və transfer məsələləri də yubanır. Bunu nə ilə əlaqələndirərdiniz?
- Xeyr, mən elə deməzdim. Bizim hələ də vaxtımız var. Tez qərar vermək üçün tələsmirik. Avrokuboklarda çıxış edəndə istər-istəməz transferlərlə bağlı tez qərar verməyə məcbur olursan. Hansı yerli futbolçunu bəyənmişiksə, öz komandamızda saxlamışıq. İlkin Qırtımov və Kamal Mirzəyevi digər komandalardan heyətimizə cəlb etmişik. Hazırda isə legioner transfer etməyi düşünürük. Əsas odur ki, hələ vaxtımız var. Amma bu transferləri də çalışıb tez həyata keçirmək istəyirik. Bəzi şeylər var ki, tələsməməliyik. Səhv qərarlar vermək istəmirik. Komandada hər şey normaldır. Təlim-məşq toplanışlarımızın vaxtı və məkanı bəllidir. Futbolçularımız məşqlərə həvəslə başlayıblar. İnanıram ki, hər şey yaxşı olacaq. Yaxın günlərdə legioner məsələsini də həll edəndən sonra hər şey qaydasına düşəcək. Həvəsdən düşmək mümkün deyil. Əks halda, bu işi buraxardıq.
- Müqaviləsi bitənlərdən Riçard Qadzenin məsələsinə aydınlıq gəlibmi?
- Riçard barədə hələ fikirləşmirik. O məsələ açıq qalıb.
- Bəs "Keşlə"dən ayrılan Pərdis Fərcad-Azadla bağlı vəziyyət nə yerdədir?
- Pərdis maraq dairəmizdə idi. Lakin maliyyə məsələsində razılaşa bilmədik. Onun istədiyi məbləğ bizim üçün çox oldu. Bu məsələ hələ də qalıb. Biz təklifimizi eləmişik. O da öz təklifini deyib.
- Ötən mövsüm "Zirə" ilk cəhddəcə Avropa Liqasında mərhələ adladı. Bu mövsüm isə qitə miqyaslı yarışlarda mübarizə aparacaq komandaların hamısı təcrübəlidir. Onlardan nə gözləyirsiniz?
- Püşkün nəticələrinə nəzər yetirərkən, deyə bilərəm ki, "Qarabağ"a nisbətən çətin rəqib - Sloveniya "Olimpiya"sı düşüb. "Neftçi"nin rəqibini də xüsusi qeyd etmək lazımdır. Macarıstan "Uypeşt"i ciddi rəqibdir. Bununla belə, düşünürəm ki, klublarımız birinci mərhələni keçə bilərlər. Komandalarımızın həm güc, həm də təcrübə baxımından şansları çoxdur. Onu da qeyd etmək istəyirəm ki, düşdüyümüz rəqiblər də neçə illər Avropada çıxış ediblər. Lüksemburq və digər belə ölkələrin klubları ilə qarşılaşanda asan olacağını düşünürük. Ötən mövsüm "Keşlə" belə bir komandanı - "Fola Eş"i keçə bilmədi. Biz Lüksemburq "Differdanj"ını evdə 2:0 hesabı ilə məğlub etsək də, səfər oyunu çox çətin oldu. 0:1 məğlub durumda idik, rəqib ikinci qolu da vura bilərdi. Sonradan biz 2 qol vurub qələbə qazandıq. Klublarımızı çətin oyunlar gözləyir. Onlara uğurlar arzulayıram. İnanıram ki, hamısı birinci mərhələni keçə biləcək.
- Siz 2001-ci ildə futbolçu kimi "Şəfa" klubunun heyətində UEFA Kubokunda Sloveniya "Olimpiya"sına qarşı oynamısınız. Səfərdə 0:4, Bakıdakı oyunda isə 0:3 hesabı ilə məğlub olmuşdunuz. Həmin oyunları necə xatırlayırsınız?
- Həmin vaxtı çox gənc idik, heyətdə bir-iki təcrübəli komanda yoldaşımız yer alırdı. Təcrübə baxımından da xeyli geri qalırdıq. Sloveniya komandaları bizim üçün keçilməz rəqib idi. Serbiya, Slovakiya, Rumıniya təmsilçiləri də bu qəbildən idi. Yaxşı xatırlayıram, hamısına böyük hesabla uduzurduq. İndi isə sevindirici haldır ki, həmin komandalarla başabaş oynamaqla bərabər, mərhələni də keçə bilirik. "Olimpiya" ilə qarşılaşmalarımızı çətin oyunlar kimi xatırlayıram. O vaxtdan bizim komandalar yaxşı mənada böyüyüblər. Həmin dövrdə inkişaf etməyimiz üçün bu oyunlar vacib idi. Bunlar gələcək karyeramız baxımından bizim üçün yaxşı görüşlər oldu.