"Neftçi”nin U-13 komandası Rusiyanın Soçi şəhərində keçiriləcək "Dəri top” turnirində iştirak edəcək. Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, klub rəhbərliyi yarışa yollanacaq komandanın üzvləri ilə görüşüb.
Görüşdə "Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov klub prezidenti Sadıq Sadıqovun adından yeniyetmə futbolçuları salamlayıb və onlara iştirak edəcəkləri turnirdə uğurlar arzulayıb. Qeyd olunub ki, yeniyetmə futbolçuların kiçik yaşlarından beynəlxalq təcrübə əldə etmələri, onların peşəkar futbolçu kimi formalaşmalarında müstəsna rol oynayır.
Klubun icraçı direktoru Mübariz Xudiyev və aşağı yaş qrupları üzrə texniki direktor Yan Versleyen də "Neftçi”də yeniyetmə və gənc futbolçulara hər zaman böyük önəm verildiyini və bu futbolçuların gələcəkdə daha böyük nailiyyətlərə imza atacaqlarına inandığını bildiriblər. Sonda isə görüş iştirakçıları birgə xatirə şəkli çəkdiriblər.
"Dəri top” turniri bu gün - oktyabrın 12-də start götürəcək. Yarışda komandamız Müstəqil Dövlətlər Birliyi ölkələrinin təmsilçiləri ilə mübarizə aparacaq. Xatırladaq ki, "Neftçi”nin U-14 komandası 2012-ci ildə də sözügedən yarışın qalibi olmuşdu.