"Son iki oyundan 4 xal toplamağımız bizi sevindirir. "Neftçi” ilə matçda da pis başlamamışdıq. İlk tur olduğu üçün istədiyimiz kimi çıxış edə bilmədik. Həm rəqib, həm də bizim komandada dəyişikliklər olub. Bu üzdən oyunun nəbzini tutmaq alınmadı”.
Bunu "Sumqayıt”ın futbolçusu Bəxtiyar Həsənalızadə Topaz Premyer Liqasının ilk 3 turunda komandasının çıxışını Sportnet.az-a dəyərləndirərkən deyib.
İlk dəfə olaraq Azərbaycan millisinə dəvət alan 26 yaşlı mərkəz müdafiəçisi bildirib ki, zaman keçdikcə "Sumqayıt” daha yaxşı oyun sərgiləyəcək: "Sabah”la matçımızda daha inamlı təsir bağışladıq və 4:1 hesabı ilə qalib gəldik. "Qəbələ” kimi komanda ilə 1:1-lik səfər heç-heçəsi də bizim üçün müsbət nəticədir. Qarşıdakı turlarda da yaxşı nəticələr qazanıb, "Neftçi”yə 2 cavabız qolla məğlubiyyəti unutduracağıq”.
Həsənalızadə komandanın hazırkı və sabiq baş məşqçiləri – Nazim Süleymanovla Samir Abasovu müqayisə edib: "Hər bir məşqçinin öz oyun fəlsəfəsi var. Futbolçunun vəzifəsi verilən tapşırıqları yerinə yetirməkdir. Nazim müəllim tez və sadə oynamağımızı istəyir. Samir Abasovun dönəmində isə məşq və oyun tərzimiz fərqli idi. Məqsədimiz avrokuboka vəsiqə qazanmaqdır. Heyətimizin bunun üçün yetərli olduğunu düşünrəm”.
Qeyd edək ki, "Sumqayıt” 3 turdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.