FIFA prezidenti Canni İnfantino dünya futbolunun iki superulduzu Kriştianu Ronaldu və Lionel Messinin sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda keçirilmiş "The Best" mükafatının təqdimetmə mərasiminə qatılmamalarından məyus olub.
Sportnet.az AS nəşrinə istinadən xəbər verir ki, İnfantino belə halların gələcəkdə təkrarlanmaması üçün ali futbol qurumunun hüquqşünaslarına müraciət verib. O, bütün nominantları bu mərasimə gəlməyə məcbur etməyin yollarını tapmalarını istəyib.
Messi ən yaxşı oyunçu adına namizəd "üçlüy"ə daxil edilməyib. Ronaldu isə bu siyahıda olsa da, mükafatı onun İspaniya "Real Madrid"indəki keçmiş komanda yoldaşı Luka Modriç qazanıb. Lakin həm Messi, həm də Ronaldu FIFA-nın rəmzi yığmasının tərkibinə daxil edilib. Bununla belə, iki oyunçudan heç biri tədbirdə olmayıb və 11 futbolçunun yer aldığı fotosessiyaya qatılmayıb.