"Qəbələ” komandasının kapitanı Cavid Hüseynov doğma meydanda "Neftçi” üzərində 3:1 hesablı qələbə qazandıqları Topaz Premyer Liqasının VIII tur matçını dəyərləndirib.
Sportnet.az-ın məlumatına görə, Hüseynov hazırda iki ən yaxşı formadakı komandadan biri olan "Neftçi”nin turnir cədvəlində birinci yerdə qərarlaşdığını, "Qəbələ”nin isə indiyə qədər ağır günlərinin olduğunu qeyd edib.
30 yaşlı oyunçu bugünkü qələbə ilə ağır günləri arxada qoyduqlarını vurğulayıb: "Qarşıdakı oyunlarda da qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik ki, "Qəbələ” layiq olduğu yerdə olsun. Komandamız "qara zolaq”da idi, bu, hər komandanın başına gələ bilir. Bu "qara zolaq”dan hər komanda çıxa bilmir. Bu vəziyyətdən 50 faiz çıxa bildik. Bu oyun artıq arxada qaldı, gələcək oyunlara hazırlaşmalıyıq”.
Təcrübəli yarımmüdafiəçi baş məşqçi Sənan Qurbanovun istefaya göndəriləcəyi, bəzi futbolçuların bu mütəxəssislə işləmək istəmədikləri barədə sualı da cavablandırıb: "Futbolçuların baş məşqçi ilə işləmək istəmədikləri barədə xəbər yalandır. Sadəcə, baş məşqçinin istefası barədə söz-söhbətlər gəzirdi. Amma mən əvvəlcə də demişdim ki, Qurbanovun istefa verməsi üçün hələ tezdir. Çünki elə komanda var ki, potensialını tam aça bilmir. Amma bugünkü oyunda da gördünüz ki, hücum xəttimiz necə oynadı. Hücum xəttimiz hər oyun belə çıxış etsə, yaxşı yerlər uğrunda mübarizə apara bilərik. "Neftçi” üzərində qələbə gələcək oyunlara da stimul verə bilər. Bu, bizim üçün başlanğıc olmalıdır. Biz ağır günləri arxada qoymalı, unutmalıyıq. Qalib gəldik, artıq gələcək oyunlara köklənmək lazımdır”.