"Almaniya çempionuna qarşı oynayırdıq. Matçı analiz etmişdik. Bilirdik ki, komanda üstün futbol oynayır və daha çox rəqib meydanında pressinq edir. İlk hissəni yaxşı oynadıq. Rəqibə imkan vermədik. İkinci hissədə öz səhvlərimizdən üç top buraxdıq. Komanda əlindən gələni etdi. Cavab qarşılaşmasına daha yaxşı hazırlaşacağıq və rəqibi daha da yaxşı analiz edəcəyik. İnanıram ki, rəqib meydanında da yaxşı oynayacağıq. Futbolda mümkünsüz heç bir şey yoxdur. Bizim üçün ağır olacağını bilirik. Amma çalışacağıq ki, səfərdə yaxşı nəticə əldə edək".
Sportnet.az "Report"a istinadən xəbər verir ki, bunu Qəbələ"nin 19 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev UEFA Gənclər Liqasının II mərhələsinin ilk oyununda evdə Almaniya "Herta"sına 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra təşkil olunan mətbuat konfransda deyib.
38 yaşlı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb.
- Penaltini vurmağı Samir Qurbanova siz tapşırmışdınız?
- Oyundan öncə bildirilir ki, kimlər vuracaq. Ulduz futbolçular da penaltini vura bilmir. Penaltini vursaydı, oyunun axarı dəyişərdi. Bəzən futbolda belə hallar olur.
- Samir Qurbanovun və Vüsal Məsimovun bəzi həlledici məqamlarda qol imkanları oldu. Amma istifadə edə bilmədilər. Oyunçular həyacanlı idilər?
- Samirin də, Vüsalın da müəyyən səviyyəsi var. Bu texniki səhvlərdir. Hər futbolçu bunu edə bilir. Həmin epizodlarda meydan da bir az sürüşkən idi.
- Əli Sadıqov bu qarşılaşmada daha aktiv görünürdü. Penaltini ona etibar etmək olmazdımı?
- Oyundan öncə iki futbolçunun vuracağı deyilmişdi. Biri Samir, digəri isə Əli idi. Yəqin ki, Samir özünə inamlı idi. Ona görə topa yaxınlaşıb penaltini vurmaq istədi. Biz futbolçulara dəstək olmalıyıq ki, növbəti oyunlarda özünə bir az da inansın.
- Doğma meydanda 1:3 hesabı ilə məğlub oldunuz. Demək olar ki, mərhələ üçün ümid yoxdur. Cavab oyununda komandanın məqsədi nə olacaq?
- Çalışacağıq ki, səfərdə daha yaxşı oynayaq. Vurğulamaq istəyirəm ki, biz Almaniya çempionuna qarşı oynayırıq. Onların çempionatları ilə bizim çempionat və rəqibləri ilə bizim rəqiblərimizi müqayisə etsəniz fərqi özünüz də görərsiniz. Biz Almaniyaya əlimizi-qolumuzu yanımıza salıb gəzməyə getməyəcəyik. Burada göstərdiyimiz mübarizənin daha da artığını orada göstərməyə çalışacağıq.