İngiltərənin "Tottenhem" klubunun 1 milyard funt sterlinqə başa gələn yeni stadionunda ciddi qüsur aşkarlanıb.
Sportnet.az-ın "The Sun"a istinadən məlumatına görə, meydanın kənarlarında künc zərbəsini qaçaraq yerinə yetirmək üçün lazımi qədər sahə ayrılmayıb. Görüntülərə əsasən, künc nöqtədən kənarda cəmi 1 fut qazon saxlanılıb. Daha sonra meydan reklam lövhələrinə doğru meyllənir.
Stadionun üzərində çoxlu bar və pivəxana nəzərdə tutulsa da, meydanın belə vəziyyətdə olması üzündən "Tottenhem"in burada debütü ləngiməli olub. 62 min nəfərlik müasir arenanın öncədən 400 milyon funta başa gələcəyi açıqlansa da, sonradan bu məbləğ iki dəfəni də keçib.
Klub rəsmiləri çatışmazlıqların aradan qaldırılmasının problem olmayacağını bildiriblər.
Qeyd edək ki, "Tottenhem" yeni stadionunda debüt matçını aprelin əvvəllərində keçirməyi planlaşdırır. Bunadək arenada infrastrukturun iş qabiliyyətini yoxlamaq üçün 2 test matçı nəzərdə tutulub.