
"Vacib üç xal qazandıq. Çox çətin oyun oldu, amma əlimizdən gələni elədik ki, qalib gələk".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin futbolçusu Mamadu Mboc səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra klubun rəsmi saytına açıqlamasında deyib. Seneqallı müdafiəçi 26-cı dəqiqədə qeyri-dəqiq ötürməsindən sonra rəqib oyunçu Peyman Babayinin qol vurması ilə nəticələnən epizodu belə dəyərləndirib: "Topu qapıçımız Səlahət Ağayevə ötürmək istəyirdim, amma zəif alındı deyə, rəqib topa birinci çatıb hesabı açdı. Bu, təbii ki, mənim səhvim idi".
Mboc 76-cı dəqiqədə bərabərlik qolunu səhvinin əvəzini çıxmaq üçün vurmadığını bildirib: "Mənim üçün ən əsası komandanın qələbəsidir. Amma etiraf edim ki, oyundan əvvəl bu gün qol vuracağımı hiss edirdim. Elə də oldu. Eminin ötürməsi də ideal idi, məndən ancaq işi bitirmək tələb olunurdu".
Sonda 26 yaşlı oyunçu azarkeşlərə təşəkkür edib: "Çox sağ olsunlar! Onlar həmişə bizim arxamızdadırlar, dəstəklərini hiss edirik. Azarkeşlərimiz üçün meydanda hər şeyi etməyə hazırıq".