AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqası nümayəndələri Klublar Komitəsinin (KK) bugünkü iclasında iştirak edib.
Sportnet.az-ın məlumatına görə, bu barədə KK sədri Riad Rəfiyev jurnalistlərə açıqlamasında bildirib. O deyib ki, E.Məmmədov klublara ayrılmış vəsaitin uşaq futboluna yox, legioner transferlərinə xərclənməsindən narahatlıq ifadə edib: "Bu il AFFA tərəfindən klublara təxminən 1 milyona yaxın vəsait ayrılıb. Bu məbləğ uşaq futbolunun inkişafı üçün nəzərdə tutulub. Bu məbləğin hesabatı oldu, pulun hara xərcləndiyi ilə bağlı danışıldı. Klubların qış transfer dönəmində heyətlərinə xeyli sayda əcnəbi futbolçu cəlb etmələri anlaşılmazlığa səbəb olub. İclasda bunun yaxşı hal olmadığı vurğulandı".
R.Rəfiyev onu da bildirib ki, baş katib AFFA-nın cari mövsümün qalan hissəsi üçün klublara 50, növbəti mövsüm isə 100 "Nike" topu verəcəyini də açıqlayıb.