Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayev "Krılya Sovetov"un heyətində Rusiya Premyer Liqasında ardıcıl üçüncü oyunda qol vurub.
Sportnet.az-ın məlumatına görə, 23 yaşlı hücumçu bu dəfə XX turun "Anji" ilə səfər matçında fərqlənib. Meydana 63-cü dəqiqədə daxil olan Şeydayev 2:0 hesabı ilə qalib gələn komandasının ikinci qolunun müəllifi olub. O, 88-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib. Maksim Kanunnikovun vurduğu ilk qolun ötürməsini isə cərimə zərbəsindən Aleksandr Səmədov verib.
Bununla da "Krılya Sovetov" "Anji" ilə matçlarda məğlubiyyətsiz oyunlar seriyasını 7-yə çatdırıb. Sonuncu dəfə Mahaçqala komandası Samara təmsilçisinə 24 avqust 2014-cü ildə qalib gəlib - 2:1.
"Krılya Sovetov" həm də 19 oyundan 24 xalla turnir cədvəlində 10-cu pilləyə yüksəlib. Növbəti görüşdə rəqib Tula "Arsenal"ı olacaq. Oyun martın 29-da Samarada keçiriləcək.
Qeyd edək ki, bu gün Ramil Şeydayevin 23 yaşı tamam olub.