"Bakıda olmaq xoşdur. Uzun yol qət etdik, yorğunuq. Amma yoldaşlıq matçı olsa da, çox ciddi hazırlaşırıq. Növbəti seçmə mərhələnin görüşləri üçün futbolçulara baxırıq. Hər iki komanda AVRO-2020-non seçmə mərhələsinə məğlubiyyətlə başladı".
Sportnet.az xəbər verir ki, bunu Litva yığmasının baş məşqçisi Valdas Urbonas Bakıda Azərbaycan millisinə qarşı keçirəcəkləri oyun haqda danışarkən deyib.
52 yaşlı mütəxəssisin sözlərinə görə, Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsinin I turunda Xorvatiyaya 1:2 hesabı ilə uduzduğu görüşdə yaxşı təsir bağışlayıb: "Azərbaycan təşkilatı və mübarizə baxımından xoşuma gəldi. Xorvatiyadan pozitiv nəticə ilə qayıtmağa bir az bəxt çatmadı. Azərbaycan millisi təşkilatlanmış futbol sərgilədi. Bu da yığmada səviyyəli futbolçuların olmasından xəbər verir. Baş məşqçi dəyişikliyi olsa da, komandanın oyununa ciddi təsir etməyib. Biz ilk növbədə öz oyunumuzu düşünürük. Xətlərarası əlaqəyə diqqət yetirməliyik".
Baş məşqçi seçmə mərhələnin ilk turunda səfərdə Lüksemburqa 1:2 hesabı ilə uduzmalarına da toxunub: "İndi dünyada hamı futbol oynamağı bacarır. Lüksemburq zəif rəqib deyil. Azərbaycan vitse-çempiona uduzub. Biz yalnız dünya çempionuna məğlub olsaydıq, özümü burada rahat hiss edə bilərdim. Rəqibin futbolçuları ayrı-ayrılıqda fərqləndirməzdim. Bəlkə də qol vuranın adını çəkmək olar. Azərbaycan Xorvatiya ilə görüşdə müdafiədə və əks-hücumda yaxşı təsir bağışladı".
Qeyd edək ki, martın 25-də keçiriləcək matç saat 18:00-da başlayacaq.