
"Çox ağır oyun oldu. Belə olacağını gözləyirdik. Rəqib də çox yaxşı çıxış etdi. Buna görə onları təbrik edirəm. Sadəcə, bu gün bəxtimiz gətirdi. İkinci hissəyə də "Qəbələ" daha yaxşı başlamışdı. Oyunda bəxt amili rol oynadı".
Sportnet.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Mahir Mədətov Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Qəbələ"ni 2:1 hesabı ilə məğlub etdikləri matç barədə danışarkən deyib.
22 yaşlı hücumçu çempionluqda əsas rəqibləri olan "Neftçi" barədə düşünmədiklərini söyləyib. O, bildirib ki, əsasən öz oyunlarına baxırlar: "Hisslərim deyir ki, çempionluq son oyuna qalacaq. Amma bir az başqa cür də ola bilər".
Gənc oyunçu atasının "İnstagram" sosial şəbəkəsində onun haqqında yazdıqlarına da toxunub: "Bu aralar atamla aram o qədər də isti deyil. Yəqin ki, düzələr. Qaldı ki, o fikirləri özü yazmamışdı. "Qarabağ" azarkeşlərinin səhifəsi var. Onlar yazmışdı, atam da götürüb paylaşıb. Bunu atamı müdafiə etmək üçün demirəm. Özü yazsa, deyərəm ki, yazıb. Bundan əvvəl də bildirmişdim ki, deyəsən, atam mənim yerimə futbol oynayır. Yəqin ki, xatırlayırsınız. Onu qorumaq üçün demirəm. Sadəcə o paylaşımı birinci azarkeşlərin səhifəsində gördüm. Sonra da atam onlardan götürmüşdü. Həmin fikirləri atam yazmayıb".
Mədətov qarşılaşmadan sonra azarkeşlərin ona dəstək olmasından da danışıb: "Çox sağ olsunlar ki, dəstək olurlar. Bu dəqiqə tək mənim yox bütün komandanın dəstəyə ehtiyacı var. Çünki çiyin-çiyinə mübarizə aparırıq. Biz meydnada, onlar isə meydandan kənarda. Ümid edirəm ki, sonda hər şey istədiyimiz kimi olar".