"Mənim üçün ilkin hədəf özümü, vərdiş və xarakterimi komanda yoldaşlarıma uyğunlaşdırmaqdır. İşlərin bu istiqamətdə gedişinə çox şadam".
Sportnet.az-ın məlumatına görə, bunu "Qarabağ"dan ABŞ-ın "Nyu York Kosmos" klubuna keçən Ansi Aqolli deyib. Albaniyalı müdafiəçi bildirib ki, topun həm özündə, həm də kollektivdə olduğu vaxt təcrübəsini bölüşməyə çalışır: "Hər şey yaxşılığa doğru gedir. Gündən-günə daha yaxşı səviyyəyə çatırıq. Bu il yaxşı yoldayıq. Hər gün çalışır, hədəfə doğru addım-addım irəliləyirik".
37 yaşlı oyunçunun həyat yoldaşı və övladı Nyu-York şəhəri yaxınlığındakı Astoriya əyalətində yaşayır. Aqolli "Qarabağ"da çıxış etdiyi 9 il ərzində ailəsini görmək üçün okeanın o tayına müntəzəm səfərlər edib. İndi isə o, hər gün əzizləri ilə birgə olur. "Bu, sadəcə, superdir. Nəhayət, evimə döndüm. Ailənlə birgə olmaq və sevimli işində çalışmaq çox yaxşı haldır" deyə Aqolli bildirib.
"Nyu York Kosmos" Milli Premyer Liqada mövsümə aprelin 27-də başlayacaq. Rəqib "Nyu York Athletik" klubu olacaq. Aqolli mövsümün startını həyəcanla gözlədiyini söyləyib: "Əlbəttə, tam qüvvə ilə çalışıram ki, komandaya kömək edim və ilk oyunumuza hazır olum. Bütün komanda həyəcanlıdır. Bu oyunu gözləyirik".
Qeyd edək ki, Ansi Aqolli "Nyu York Kosmos"la martın 25-də müqavilə bağlayıb.