"Bugünkü oyunda bildiklərimizi etmək məcburiyyətindəyik. Bu turnirin önəmli olduğunu düşünürük. Hər kəs yüksək nəticə üçün mübarizə aparmaq istəyir".
Sportnet.az "Italpress"ə istinadən xəbər verir ki, bunu İtaliya "Napoli"sinin futbolçusu Allan UEFA İngiltərədə "Arsenal"la keçirəcəkləri Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunu barədə danışarkən deyib.
28 yaşlı yarımmüdafiəçi Londondakı qarşılaşmanın əhəmiyyətli olduğunu söyləyib. Braziliyalı oyunçu bildirib ki, Avroliqa qarşılaşmalarına fərqli yanaşma lazımdır: "Təzyiq bizə çox ağırlıq etməməlidir. Bizdən daha çox pul xərcləyən komandaların yer aldığı çempionatda ikinci pillədəyik. Lakin liqada daha yaxşısını edə biləcəyimizin fərqindəyik. Üstəlik, tarix yazmaq üçün Avroliqa finalı var".
Allan "Napoli"nin Bakı Olimpiya Stadionunda keçiriləcək final matçına vəsiqə şansları barədə danışmaq istəməyib: "Londonda əla oyun keçirməliyik ki, növbəti mərhələ məsələsini Neapolda həll edək. Şanslarımız 50/50-dir. Bakı finalı hələ uzaqdadır".
Qeyd edək ki, “Arsenal” – “Napoli” matçı bu gün Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Final görüşü isə mayın 29-da olacaq.