İngiltərənin "Çelsi" klubunun futbolçusu Jorjinyo sabiq komandası İtaliya "Napoli"sinin növbəti mərhələ şanslarından danışıb.
Sportnet.az "Sky Sports"a istinadən xəbər verir ki, bu barədə 28 yaşlı yarımmüdafiəçi Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda Çexiyada “Slaviya”nı 1:0 hesabı ilə məğlub etdikləri matçdan sonra açıqlama verib. O, "Arsenal" komandası ilə ilk görüşdə 0:2 hesabı ilə uduzmasına baxmayaraq, Neapol təmsilçisinin yarımfinala yüksələ biləcəyini iddia edib.
Braziliya əsilli italiyalı oyunçu bu cütdə hələ heç nəyin bitmədiyini söyləyib: "Napoli"nin hələ də şansı var. "San Paolo" stadionundakı görüş qətiliklə öz rolunu oynayacaq. Onlar bunu edə bilərlər. Bakıda keçmiş komandamla qarşılaşmağı arzulayıram".
Qeyd edək ki, Avropa Liqasının 1/4 final mərhələsinin cavab görüşləri aprelin 18-də, final matçı isə mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.